AZ

S.Lavrov: Moskva Rusiya-Azərbaycan münasibətlərini yüksək qiymətləndirir

Moskva, 14 yanvar, AZƏRTAC

Moskva Rusiya ilə Azərbaycan arasında münasibətləri yüksək qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RF diplomatiyasının 2024-cü ildə fəaliyyətinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Rusiyalı nazir deyib: “Rusiya-Azərbaycan münasibətlərinə gəldikdə, mən onları çox yüksək qiymətləndirirəm, onlar etimada əsaslanır. Prezidentlər mütəmadi olaraq görüşür, hər hansı qapalı mövzu yoxdur. Prezident Putin və Prezident Əliyev tərəfindən hökumətlərin yeni qarşılıqlı faydalı layihələri stimullaşdırmasına dair iş də qurulub. Bu, həm Şimal-Cənub dəhlizinə, həm də Qafqazda və onun ətrafında digər nəqliyyat layihələrinə aiddir. Bu, həmçinin Xəzərə, xüsusən onun dayazlaşmasına da şamil olunur”.

Rusiya XİN-in rəhbəri qeyd edib ki, tərəflər beynəlxalq arenada əməkdaşlıq edirlər, təhlükəsizlik, terrorizmlə, mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində imkanların möhkəmləndirilməsi üzrə silahlı qüvvələr, xüsusi xidmət orqanları arasında təmaslar var və praktik addımlar atılır. O vurğulayıb: “Həmkarım, dostum xarici işlər naziri ilə çox sıx əlaqə saxlayırıq”.

Lavrov bildirib ki, “tərəflərin BMT, ATƏT-dən başlayaraq, tematik bloklar və iqlimlə bitən xarici siyasət məsələləri üzrə uzunmüddətli məsləhətləşmələr planı var”. Xüsusilə nəzərə alsaq ki, Bakı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edib. “Beləliklə, münasibətlər zəngin və etibarlıdır. 2025-ci ildə onların bütün sahələrdə daha da fəal inkişaf edəcəyini gözləyirik”, - deyə rusiyalı nazir əlavə edib.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
15
3
azertag.az

4Mənbələr