AZ

Karapetyan erməniləri qorxutdu – “Vəziyyət çətinləşəcək”

Rusiyadakı erməni biznesmenlər Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması ilə bağlı müzakirələrdən narahatdırlar.

Teleqraf.com xəbər verir ki, bunu erməni iş adamı Samvel Karapetyan deyib.

“Qlobal iqtisadi və geosiyasi çağırışlar şəraitində Ermənistanın AİB üzvlüyü ölkə iqtisadiyyatının sabitliyi üçün son dərəcə vacibdir. Xarici ticarət dövriyyəsinin demək olar ki, yarısı AİB ölkələrinə gedir”, - o qeyd edib.

Karapetyanın fikrincə, AİB ilə münasibətlərin kəsilməsinin Ermənistan üçün mənfi nəticələri olacaq:

“Bu gömrük rüsumlarının tətbiqi məhsulların rəqabət qabiliyyətini azaldacaq, AİB ölkələrinə, o cümlədən Rusiyaya ixracı çətinləşdirəcək. Rusiyanın Ermənistanda əsas investor olduğunu nəzərə alsaq, bu, investisiya mühitinə də təsir edəcək”.

Karapetyan əlavə edib ki, AİB ölkələrində işləyən Ermənistan vətəndaşları güzəştli şərtlərdən yararlanır və ittifaqdan çıxmaq Rusiyada işçi qüvvəsi üçün vəziyyəti çətinləşdirəcək və bu, ölkəyə pul köçürmələrinin azalmasına səbəb olacaq.

İş adamı Rusiyanın Ermənistanın enerji təhlükəsizliyindəki roluna da diqqət çəkib. Karapetyan AİB-lə əlaqələrin kəsilməsinin bu sektora da mənfi təsir edəcəyini proqnozlaşdırıb.

Xatırladaq ki, hökumət ötən həftə “Ermənistan Respublikasının Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləyib. Bundan sonra rəsmi Moskva Ermənistanın eyni vaxtda həm AİB, həm də Aİ üzvü ola bilməyəcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
5
teleqraf.com

1Mənbələr