Azərbaycanda sayca 6-cı bələdiyyə seçkiləri baş tutacaq. Seçkilərdə 16 mindən çox namizəd mübarizə aparacaq.
Ancaq maraqlısı budur ki, prezident və parlament seçkilərindən fərqli olaraq hər dəfə olduğu kimi bələdiyyə seçkilərində nə namizədlərin fəallığı, nə də seçici fəallığı görünür.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov bildirdi ki, bələdiyyələrin fəaliyyəti yoxdur və yığışdırılmalıdır:
"Su pulu, işıq pulu, qaz pulu, bir yandan da bələdiyyə başımıza çıxıb. Deyir, bizə bələdiyyə haqqı verməlisən. Mən bələdiyyə adlı struktur görməmişəm, tanımamışam. Nə də onun məsul missiyası nədir, bilmirəm, mən heç səs də verməmişəm. Mən ora nəyə görə pul verməliyəm? Sevinsin ki, onun orada mənim kimi sakini, yaşayanı var. Heç bir işlə məşğul deyillər. Bunların hamısı pul almaq üçün təyin olunur. İcra da onun kimi. Ondansa hər iki qurumu birləşdirsinlər, ya da hansı daha lazımlıdırsa, onu saxlasınlar".
Qeyd edək ki, bələdiyyə seçkiləri yanvarın 29-da baş tutacaq. Həmin gün qeyri-iş günü hesab edilir.
Türkan İSGƏNDƏRLİ