AZ

Çində təhsil: Təhsil haqqı, təqaüdlər və qabaqcıl universitetlər...

Hər bir ölkə özünəməxsus təhsil sistemi ilə fərqlənir.

 

AzEdu.az Təhsil Portalı olaraq beynəlxalq arenada tanınmış ölkələrin təhsil sistemi ilə bağlı araşdırma yazıları oxuculara təqdim edirik.

 

Bu dəfə Çinin təhsil sisteminə nəzər saldıq.

 

Çin ABŞ və Böyük Britaniyadan sonra ən çox beynəlxalq tələbəyə malik olan 3-cü ölkədir. Son zamanlar, dövlətin təhsil sisteminə qoyulan dövlət sərmayəsi xeyli artdığından təhsilin keyfiyyətində mühüm irəliləyişlər baş vermişdir. Burada təhsil almaq istəyənlər üçün bir qayda olaraq ölkənin yerli dilini bilməsi çox önəmlidir.

 

Burada uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur.

 

Belə ki, bura 6 illik ibtidai təhsilə bölgələrdən asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə təhsilin müddəti 4 il təşkil edir.

 

Həmçinin, bu ölkədə uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil almalıdırlar.

 

Çində orta təhsil aşağı və yuxarı pillədən ibarətdir.

 

Belə ki, orta təhsilin aşağı və yuxarı pilləsinin hər biri 3 il davam edir. İcbari təhsilin son 3 ili orta təhsilin aşağı pilləsi hesab olunur.

 

Peşə təhsili sistemi 130 illik inkişaf tarixinə malikdir.

 

Həyata keçirilmiş köklü peşə təhsili islahatları nəticəsində bu sahədə ciddi inkişaf meyilləri müşahidə olunur. Tətbiq olunmuş yeniliklər sayəsində peşə təhsili müəssisələri təkmilləşib və inkişaf edib. Çində peşə təhsili orta təhsilin aşağı və yuxarı pillələrində, eləcə də ali təhsil pilləsində həyata keçirilir.

Orta təhsilin aşağı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi müvafiq peşə biliklərinə və bacarıqlarına yiyələnmiş işçilər, fəhlələr hazırlamaqdır. Bu pillədə həyata keçirilən peşə təhsili 9 illik icbari təhsilin bir hissəsini təşkil edir.

Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi isə əməli bacarıqlara yiyələnmiş ikinci dərəcəli işçi qüvvəsi hazırlamaqdır. Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsili 2 ildən 4 ilə qədər davam edən proqramlara əsaslanır. Bu növ peşə təhsili ixtisaslaşmış orta məktəblərdə, bacarıqlı işçi məktəblərində və peşə təmayüllü orta məktəblərdə həyata keçirilir.

İxtisaslaşmış orta məktəblərdə 3 və ya 4 illik proqramlar, bacarıqlı işçi məktəblərində isə 3 illik proqramlar əsasında ikinci dərəcəli işçilər hazırlanır. 3 illik peşə təmayüllü orta məktəblərdə istehsalat, xidmət, texnologiya və idarəetmə sahəsi üzrə ikinci dərəcəli mütəxəssislər yetişdirilir.

Peşə təmayüllü və ixtisaslaşmış orta məktəbləri başa vuranlar öz təhsillərini ali peşə məktəblərində davam etdirə bilərlər. Ali peşə məktəblərinin məqsədi texniki və idarəetmə sahəsində yüksəkixtisaslı kadrlar hazırlamaqdır.

 

Ali peşə məktəbləri 4 yerə bölünür:

1.ali peşə və texnologiya kollecləri;

2.ixtisaslaşmış orta məktəblərdə təşkil olunan 5 illik ali peşə məktəbləri;

3.ali təhsil və yaşlıların ali təhsili müəssisələrində təşkil olunan ali peşə təhsili;

4.əcrübəyönümlü kadrların, yüksək səviyyəli peşəkar və texniki mütəxəssislərin hazırlanması ilə məşğul olan 2–3 illik ali təhsil müəssisələri.

 

Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur.

 

Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir.

Həmçinin ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.

Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur.Çində təhsil xərcləri hər il artaraq hazırda 100 milyard $-ı ötüb. 1980-ci illərin əvvəllərindən başlayaraq, elm və texnologiyanın inkişafı təhsil strategiyasının prioritetinə çevrilib.

 

Ölkədə 1600-dən çox nüfuzlu ali təhsil müəssisəsi və 200-dən çox özəl ali universitet fəaliyyət göstərir.

 

Onlardan ən tanınmışı Pekin və Tsinxua universitetləridir. Mühəndislik, elm, tibb, iqtisadiyyat və ticarət sahəsində ixtisaslaşan tələbələrin universitet seçimi daha çox Pekin Universiteti, Şanxay Jiao Tong UniversitetiÇin Elm və Texnologiya Universiteti olur. 

Təhsildə beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirən Çin, tələb olunan ixtisas səviyyələri, onların qlobal nüfuzu və ixtisaslaşmış müəllim-professor heyətinin olmağı baxımından , Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa və Yaponiya da daxil olmaqla bir sıra ölkələrlə akademik nailiyyətlərin qarşılıqlı tanınması haqqında razılığa imza atmışdır.

1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Nəticə də, abituriyentlərin akademik qabiliyyətləri əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 1980-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib. Hal-hazırda Çində təhsilin hüquqi yön və tərəflərini təşkil edən 6 qanun mütəşəkkil işləyir.

 

Çində təhsil haqqı olduqca münasibdir.

 

Belə ki, burada təhsil haqqı, ümumilikdə, bir semestr üçün 1500-2500 $-dan çox deyil. Çin höküməti beynəlxalq tələbələrə çox sərmayə qoyur. Ümumiyyətlə həmyerli və əcnəbi tələbələrin təhsil almağında maliyyə dəstəyi mühüm rol oynayır və Çin höküməti 277 qurumda 40 mindən çox təqaüd də daxil olmaqla, beynəlxalq tələbələri cəlb etmək üçün geniş təhsil və karyera imkankarı təklif edir.

 

2007-cı ildən bəri mövcud olan təqaüdlərin sayı beş dəfə artıb.

 

Təqaüdlə bakalavr və magistr təhsilinin bir sıra xüsusiyyətləri var.

 

Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmişdir. 10.12.2015-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

 

Proqram hər 2 ölkənin vətəndaşlarına qarşılıqlı tələbə mübadiləsi əsasında, qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır. Tələbələr üçün nəzərdə tutulmuş təqaüd xərclərini hökümət özü qarşılayır və bəzi xərcləri əhatə edir. Bunlara ali məktəbdə qeydiyyat xərci, təhsil haqqı, laboratoriya xərci, təcrübə xərci, tədris materialları, yataqxana xərci və aylıq yaşayış xərci daxildir.

 

Təqaüd proqramı Bakalavr təhsili almaq istəyən tələbələrə aylıq 6000-6500 yuan, Magistr təhsili almaq istəyən tələbələrə isə aylıq 7000-8000 yuan pul vəsaiti ödəməklə yanaşı ildə bir dəfə Azərbaycana gediş-dönüş avia xərclərini də qarşılayır.

 

Bakalavr və Magistr səviyyələrində təhsil almaq istəyən tələbələr ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki sahələr üzrə ən azı 400, digər sahələr üzrə ən azı 500 bal toplamalıdırlar.

 

Ölkədə magistr təhsil pilləsinə qəbul üçün nəzərdə tutulmuş Ümumi Orta Göstərici (GPA) 71-dən aşağı olmamalıdır.

 

Bakalavr təhsil pilləsinə qəbul üçün minimum 6.0 , Magistr təhsil pilləsinə qəbul üçün isə minimum 6.5 İELTS sertifakatı tələb olunur. Təhsil müddəti seçilmiş ixtisasdan asılı olaraq dəyişir. Belə ki, bakalavr təhsil pilləsi üçün 4-5 il, magistr təhsil pilləsi üçün isə 2-3 il nəzərdə tutulub.

Seçilən
11
azedu.az

1Mənbələr