AZ

Rusiyaya Çin və Hindistan da arxa çevirir



Kreml Ukraynaya qarşı işğalçı müharibənin nəticələrini ancaq “ərazi qazancı” kimi hesablayıb, ancaq qərar verərkən hansı çətinliklərlə üzləşəcəklərini hesablamayıblar. Ukraynanın Rusiya ərazisinə raket və dron zərbələrinin həcmi artıb. Bunu 3 il əvvəl müharibə qərarı verən Kreml proqnozlaşdırmayıb. Rusiya hakimiyyəti müharibə nəticəsində əsas ixrac məhsullarını satışında ciddi çətinliklərlə üzləşə biləcəyini də ehtimal etməyib. Halbuki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Qərb ölkələrinə neft və qaz sata bilmir. Moskva vəziyyətdən çıxış yolu kimi enerji resurslarınını əsas hissəsini Çinə və Hindistana satmağa başlamışdı. Ancaq son zamanlar Rusiya üçün bu iki istiqamətdə də vəziyyət mürəkkəbləşib.

Ötən ilin noyabr ayında Rusiyanın Hindistana satdığı neftin həcmi 55 faiz azalıb. “Reuters” agentliyinin məlumatına görə, Hindistan Rusiyadan gündəlik neft alışını 1.52 milyon barel azaldıb. Bununla Hindistan Rusiya neftinin əsas alıcısı statusunu itirib. Hindistan neftin alışını şaxələndirməyə çalışır. Hindistan ərəb ölkələrindən aldığı neftin həcmini artırıb. Hindistanın baş naziri Narendra Modi bir müddət əvvəl Cənubi Amerika ölkəsi olan Qayanaya səfər edərək bu ölkə ilə enerji əməkdaşlığını artıracağını bildirib. Hindistan şirkətləri Qayanaya yatırımları artıraraq bu ölkədən daha çox neft nəql etməyi planlaşdırırlar. Qayanada neft istehsalıyla məşğul olan əsas şirkət “Exxon Mobil”dir. Bu şirkət razılaşarsa, Qayana Hindistana neft ixracını artıracaq.

Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb. Çin limanları Rusiyanın neft daşıyan 3 tankerini qəbul etməkdən imtina ediblər. Məsələ burasındadır ki, həmin tankerlər Amerika Birləşmiş Ştatlarının yeni sanksiya siyahısına daxil edilib. Həmin tankerlərdəki nefti qəbul edən neft emalı zavodları və limanları da avtomatik sanksiya altına düşəcəklər. Çin şirkətləri ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. “Bloomberg” agentliyinin məlumatına görə, tankerlərin hər birində 700-800 ton barel xam neft olub. Tankerlər geri qayıdıblar.

ABŞ Rusiyanın sıxılmış qazını daşıyan tankerləri də hədəf alıb. “Qazprom”a aid olan sıxılımış qaz daşıyan tanker İspaniya sahillərinə yaxınlaşa bilməyib. Ümumilikdə ABŞ-ın sanksiya siyahısına müxtəlif dövlətlərin bayraqları altında neft və sıxılmış qaz daşıyan 183 tanker əlavə edilib.

Beləliklə, Moskvanın iki ticarət tərəfdaşı olan Çin və Hindistan Rusiyadan neft və qaz alışında diqqətli olmağa başlayıblar. Çin və Hindistanın emal zavodları nefti Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrindən almağa üstünlük verəcəklər. Bu isə neftin qiymətlərinə təsirsiz ötüşməyəcək. Neftin daşınma qiymətləri artacaq.

Bu arada, Rusiya neftini almaqdan ehtiyat edən Çin Qərb ölkələrinə pambıq satışında çətinliklərlə üzləşib. Beynəlxalq ekspertlər Çində həmin pambığın uşaq əməyinin itismarı nəticəsində toplandığı qənaətindədirlər. Böyük Britaniya parlamentində keçirilən dinləmələrdə Çin pambığını alan yerli geyim şirkətlərindən birinə qarşı ittihamlar səslənib.

Elxan Şahinoğlu politoloq
Seçilən
5
1
newscenter.az

3Mənbələr