AZ

"İslamda musiqi kökündən haram hesab edilmir, lakin..." - İlahiyyatçıdan İLGİNC ŞƏRH

Özünü dindar kimi təqdim edən Rəşad Hümbətovun sosial şəbəkədə yayılan videosu cəmiyyətdə geniş müzakirələrə və sərt reaksiyalara səbəb olub.

Hümbətov videoda musiqiyə qulaq asmağın İslam dini baxımından haram olduğunu iddia edir və bunu "əxlaqsızlıq və sapmalara yol açan bir vasitə" kimi təqdim edir.

RASAD.png

Onun çıxışında deyilir:

"Musiqiyə qulaq asmaq İslam baxımından haramdır. Bu, əxlaqsızlığa, fahişəliyə və digər sapmalara yol açır". 

Rəşad Hümbətovun bu çıxışı sosial mediada istifadəçilərin kəskin tənqidləri ilə qarşılanıb. Bir çox istifadəçi bu fikirləri "çağdışı, cəhalət dolu və insan azadlıqlarına müdaxilə" kimi qiymətləndirib. Onlar Hümbətovun iddialarının Azərbaycan cəmiyyətinin müasir və tolerant dəyərlərinə uyğun olmadığını vurğulayıblar.

İslamda musiqi haramdırmı?

RAHİL.jpg

İlahiyyatçı Emil Rahiloğlu mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib:

"Hər bir xalqın və ya millətin qədim dövrlərdən bu günə qədər gəlib çıxan, həmin xalqın mədəniyyətinin ayrılmaz hissəsi olan musiqi ifaları və alətləri mövcuddur. Təbii ki, insanların ruhunu və cismini tərbiyə edən İslam şəriəti də bu mövzuya biganə qalmayıb və zaman-zaman bu barədə öz rəyini bildirib. Bildiyimiz kimi, musiqi hazırkı dövrdə bütün dünyada geniş yayılıb. Hətta deyə bilərik ki, musiqi dinləmək insanların gündəlik həyat tərzinin bir hissəsinə çevrilib. İş yerlərində, mağazalarda və marketlərdə musiqiyə daha çox rast gəlmək mümkündür.

İslam şəriətində musiqi kökündən haram hesab edilmir, lakin haram olan musiqi növləri mövcuddur ki, bunu oxucular da təsdiqləyə bilər. Əgər musiqi tamamilə haram olsaydı, xalq mahnıları, himnlər, vətənpərvərlik mövzusunda oxunan mahnılar və marşlar da haram sayılardı. Buna əsasən, İslam şəriəti musiqini ümumilikdə halal qəbul edir, lakin bəzi növlərini haram hesab edir.

Halal musiqilərin dinlənilməsinə İslam şəriəti tərəfindən icazə verilir, haram sayılan musiqilər isə yasaq edilib. Buradan belə bir nəticə çıxır ki, musiqi öz-özlüyündə haram deyil, sadəcə olaraq müəyyən musiqi növləri haramdır. Halal musiqi eyş-işrət məclislərinə uyğun olmayan, mənəvi baxımdan saf və məqsədəuyğun musiqi sayılır. Haram musiqi isə eyş-işrət məclislərinə xas üslubda ifa olunan musiqi kimi qiymətləndirilir.

Musiqi və ya mahnının eyş-işrət məclislərinə uyğunluğu ifadəsi onun insanı ruhlandırması, dinclik verməsi və əhval-ruhiyyəsini dəyişdirməsi mənasını daşımır. Bu hallar öz-özlüyündə müsbət qiymətləndirilir və bəzən hətta halal musiqilər də bu məqsədlərə xidmət edir. Sözügedən ifadə dinləyicinin – xüsusilə də musiqi sənətindən anlayışı olan şəxslərin – eşitdiyi musiqi və ya mahnının eyş-işrət məclislərində dinlənilən, yaxud onlara bənzər ifalardan olduğunu ayırd etməsini nəzərdə tutur.

Halal musiqilərin ifa edildiyi məkanlara baş çəkmək, hətta halallıq çərçivəsindən çıxmadıqca uzun müddət həmin ifaları dinləmək də icazəlidir. Bundan əlavə, yaşından asılı olmayaraq hər bir müsəlmana ixtisaslaşmış musiqi məktəblərində və ya digər kurslarda musiqi sənətinin halal qismini öyrənməyə icazə verilir. Lakin bu şərtlə ki, belə kurslarda iştirak dini dəyərlərlə böyüyüb tərbiyə almasına əngəl törətməsin".

Xalidə Gəray
Musavat.com

Seçilən
5
musavat.com

1Mənbələr