1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Antoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan-ABŞ Araşdırmalar Mərkəzinin rəhbəri Suren Sarkisyan bildirib ki, İrəvan və Vaşinqtonun imzalayacaqları strateji tərəfdaşlıq müqaviləsi ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmur. Onun sözlərinə görə, ABŞ Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir, hərbi yardım göstərmir, silah-sursat satmır və ya kömək olaraq silahla təmin etmir.
Hazırda ABŞ-də Bayden administrasiyasının hakimiyyətdə olduğunu, yanvarın 20-də isə respublikaçı Trampın səlahiyyətlərinin icrasına başlayacağını nəzərə alsaq, yeni prezidentin dövründə sazişin həyata keçirilməsinin davam etdirilib-etdirilməyəcəyi sual doğurur.
Bu saziş ABŞ-Azərbaycan, Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edə bilər?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Oxu.Az-a açıqlamasında deyib ki, dünən Bayden prezident kimi özünün son nitqini səsləndirəndən sonra dövlət katibi Antoni Blinkenin Mirzoyanla sənəd imzalaması gülməlidir:
"Çünki belə çıxır ki, demokratlar hakimiyyətdə olduqları illərdə Blinkenin Mirzoyanla sənəd imzalamağa imkanı olmayıb. İndi isə yəqin ki, onun işi-gücü olmadığından Mirzoyanla son vida sənədini imzalayır".
Millət vəkili vurğulayıb ki, Bayden administrasiyası Ermənistanı həmişə dəstəkləyib:
"O cümlədən, Avropa İttifaqı ilə bir yerdə üçtərəfli saziş imzalamaqla, maliyyə və hərbi yardımlar göstərməklə də Bayden administrasiyası Ermənistanın yanında olduğunu nümayiş etdirib. İndi isə son məqamda belə bir sənəd imzalamaqla Tramp administrasiyası qarşısında Ermənistanla bağlı öhdəlik qoyub getmək istəyir".
"Ermənistan-ABŞ Araşdırmalar Mərkəzinin rəhbəri Suren Sarkisyan İrəvan və Vaşinqtonun imzalayacaqları strateji tərəfdaşlıq müqaviləsinin ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya tipli strateji müttəfiqlik münasibətlərini nəzərdə tutmadığını, heç bir təhlükəsizlik zəmanəti vermədiyini, hərbi yardımı, silah-sursat satışını və ya kömək kimi silahla təmin etməyi ehtiva etmədiyini bildirib. Təbii ki, Bayden administrasiyası hakimiyyətdə qalsaydı, ABŞ Ermənistana mümkün dəstəyini göstərməkdə davam edəcəkdi. Tramp üçün isə Ermənistan maraqlı ölkə deyil və Blinkenin imzaladığı sənədin yeni hakimiyyət üçün əhəmiyyətli olmayacağını ermənilərin özləri də bilirlər. Amma son məqamda belə bir sənədin ortaya qoyulması Bayden və Paşinyanın Tramp hakimiyyəti ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinə başlayacağından narahat olmalarından irəli gəldiyini hesab edirəm", - deyə deputat bildirib.
Müsahibimiz əlavə edib ki, Tramp ikitərəfli münasibətləri ABŞ-nin milli maraqları kontekstində güclü dövlətlərlə qurmaqda maraqlı olacaq:
"Bu baxımdan, hesab edirəm ki, Ermənistanla imzalanacaq sənəd Tramp hakimiyyəti dövründə tarixin arxivinə göndəriləcək. ABŞ-nin Azərbaycanla münasibətləri isə yeni bir müstəvidə inkişaf edəcək".
Mərahim Nəsib