AZ

"Uşaqlarımızı mediada qoruyaq, ya mediadan qoruyaq?" - Sosioloqdan jurnalistlərə SUAL

Sosial şəbəkələrdə, eləcə də mediada uşaqlarla bağlı bir çox xəbərlər görürük. Bəzən bu xəbərləri paylaşarkən bəzi sosial şəbəkə istifadəçisi, eləcə də bəzi media qurumları uşaqların şəkil və ya videolarını bülurlamırlar.

Məlumdur ki, şəxsi həyatın toxunulmazlığı üçün bu kimi hallar yolverilməzdir. Lakin bunu gözardı edən, jurnalist etikasını pozan bir çox şəxslər var.

Bu kimi hallarda həmin şəxsləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, uşaq hüquqlarının və təhlükəsizliyinin təminatı, uşaqların mediada qorunması, habelə uşaqların mediadan qorunması anlayışı əslində çox geniş mövzudur. Onun sözlərinə görə, mediada uşaq hüquqlarının müdafiəsi, elə uşaq haqları mövzusu kimi çeşidli və mərhələli prosesdir:

"Xüsusilə sosial şəbəkələrdə istifadəçilər bu hüququ kobud şəkildə pozurlar. Ssial proqram adı ilə verilən efir bazarında kadrlar paylaşılır. Orada azyaşlı uşaqları efirə çıxarırlar, ata-anası qınaq atəşinə tutulur. Guya efirə yardım məqsədilə çıxarılıb, amma siz də, mən də bilirik ki, buradakı əsl məqsəd reklamdır, reytinqdir. Uşaqların üzünü açıq şəkildə minlərlə tamaşaçıya göstərmək hansı peşə etikasına sığır?

Bu, jurnalistika deyil, bu media deyil. Peşəkarlıq belə olmur. Uşaqlarımızı mediada qoruyaq, ya mediadan qoruyaq? Uşaqları mediadan qorumaq ehtiyacı duymaqdansa, uşaqları etibar edə biləcəyimiz bir media sistemi formalaşdırmaq daha əlverişli olmazdı?".

Sosioloqun fikrincə, hamımız övladımız efirdə, mediada kimə, nəyə baxır deyə narahat olmamalıyıq, efirdə peşəkarlar var deyə övladımızın izləyəcəyi proqramlardan arxayınlıq hiss etməliyik.

"Amma çox təəssüf ki, bu gün dünya mediası təcavüzə məruz qalan körpələrin üzünü açıq nümayiş etdirəcək, adını aydın yazacaq vəziyyətə gəlib çıxıb. Sosial şəbəkələrdə xaos var, kim nə istəyir çəkir, paylaşır, kim nə istəyir yazır. Hamı şər-böhtan, qarayaxma, uydurma xəbərlərlə reytinq axtarınşındadır. Qarşısı alınmır, başqasının, bir uşağın şəkilini paylaşıb dilənçilik edənlər hər gün azğınlaşır, onlara qarşı bir ölçü götürülmür. Nəzarət mexanizmini bir az da gücləndirmək lazımdır. Necə ki, milli-mədəni dəyərlərə tüpürən tiktokerlər məsuliyyətə cəlb edildi, eləcə də uşaqların hüquqlarını pozan media orqanları, sosial şəbəkə profillərinin sahibləri də qanunla cavab verməlidir", - deyə Lalə Mehralı bildirdi.

Bənövşə HƏSƏN

Seçilən
7
redaktor.az

1Mənbələr