Azərbaycanda 2024-cü ilin 30 iyun tarixinə qazlaşdırmanın səviyyəsi 96,5 % təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü il üzrə yarımillik hesabatında bildirilir.
2014-2018-ci illəri əhatə edən birinci qazlaşdırma proqramını tamamladıqdan sonra SOCAR qazlaşdırma prosesini “Azərbaycan Respublikasının regionlarının 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir.
Bildirilir ki, 2023-cü ilin dekabrın 31-nə ölkənin qazlaşdırılması 96,46 % səviyyəsində olub.
"Ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsi dövlət tərəfindən kapitala yatırımlar vasitəsilə davam etdiriləcək", - hesabatda deyilir.
Qeyd olunub ki, Bakı şəhəri və ətraf rayonları və regionların sosial-iqtisadi inkişafına yönəldilmiş Azərbaycan Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 saylı Sərəncamına uyğun olaraq, “Azəriqaz” İstehsalat Birliyi sözügedən ərazilərin qazlaşdırılması imkanlarının təkmilləşdirilməsi ilə bağlı müəyyən öhdəliklər daşıyır. (Report)