AZ

Saatlıda 43 min tona yaxın pambıq tədarük olunub

Saatlı rayonu ərazisində pambıq tarlaları üzrə yığım başa çatmaq üzrədir. Fermerlər bol məhsul tədarük edərək məntəqələrə təhvil verə biliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkə üzrə pambıq becərilən rayonlar arasında əkin sahələrindən məhsul tədarükünə görə Saatlı ilk sırada yer alıb.

Rayonda sözügedən sahə üzrə uğurlu nəticələr əldə olunub və ötən ilə nisbətən 4 min tondan artıq məhsul yığılıb. Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tural İbrahimlinin verdiyi məlumata görə, rayon üzrə 2024-cü ildə 12 min 969 hektar sahədə pambıq bitkisi becərilib və əsasən daha məhsuldar və xəstəliklərə dözümlü sayılan “Lodos”, “Lazer”, “May 505”, “May 455”, BA-1010, BA-440 adlı toxumlara üstünlük verilib.

Rayon üzrə ümumilikdə 1632 fermerlə əkin müqaviləsi bağlanılıb. Pambıq yığılması üçün ərazilərə 54 ədəd kombayn cəlb olunub. Bu günə kimi tarlalardan 42 min 970 ton məhsul tədarük olunub. Orta hesabla hər hektara 33,13 sentner məhsuldarlıq əldə edilib. Hazırda pambıq tarlalarında yığım işləri bitmək üzrədir.

Qeyd edək ki, 2023-cü il təsərrüfatı ilində əkilən 12 min 624,15 hektar sahədən 38 min 338 ton məhsul tədarük olunub.

DOĞRU.AZ

Seçilən
0
2
dogru.az

3Mənbələr