AZ

Bu Aİ-nin Ermənistan tərəfdarı olmasının göstəricisidir - Hİkmət Babaoğlu

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasına dəstək verməyə hazır olduqlarını bəyan edib. Amma bu bəyanat yalnız bir diplomatik jestdirmi, yoxsa Qərbin daha dərin strateji maraqlarının təzahürü?”.

“Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin Ermənistan və Azərbaycan arasında sülhün təmin olunmasına dəstək verməyə hazır olduğunu bildirməsi özlüyündə pozitiv fikir kimi qiymətləndirilə bilər. Ancaq məsələ ondadır ki, bu fikirlərin mümkünlüyü və Avropa Birliyinin bu məsələdə tərəfsiz davranması nə qədər mümkündür? Əsas sual budur. Hazırda Avropa Birliyinin bu prosesdə iştirak etməməsinin səbəbi odur ki, Avropa Birliyi birtərəfli qaydada Ermənistanın tərəfindən çıxış etməyə başladı. Beləliklə, Brüsseldə keçirilən görüşlər nəticəsiz qaldı və davam etdirilmədi. İkinci əsas məsələ ondan ibarətdir ki, Avropa İttifaqı və ona daxil olan strukturlar Ermənistanın lehinə müxtəlif bəyanatlar verməyə, Azərbaycanı ittiham etməyə başladılar”.

Bu fikirləri AzNews.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili qeyd edib ki, bu da Avropa İttifaqının Ermənistan- Azərbaycan danışıqlarında Ermənistan tərəfdarı olmasının göstəricisidir.

“Ən nəhayət, Fransa prezidenti Makronun təhriki ilə Avropa İttifaqının bu gün monitorinq missiyası Ermənistan- Azərbaycanın şərti sərhədində fəaliyyət göstərir və burada da bərabərlik pozulubdur. Nəticə etibarilə Avropa Sülh Fondu Ermənistana 200 milyondan çox maliyyə yardımı ayırıbdır. Nə qədər ironikdir ki, Sülh Fondundan ayrılan pullar Ermənistanın silahlanması üçün xərclənir. Ayrı bir məsələ ondan ibarətdir ki, Avropa İttifaqı Ermənistan və Amerika Birləşmiş Ştatları arasında üçtərəfli qaydada Ermənistanda hərbi orduda islahatların aparılması ilə və ordusunun gücləndirilməsi ilə bağlı razılaşma var. Belə olan halda yaxşı olar ki, Cənubi Qafqaz üzrə nümayəndə öz fikirlərini yenidən təhlil etsin. Görək, əlindən gələni etməyə hazır olmaq ifadəsi nə qədər realdır. Bu mövqe Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasına nə qədər kömək edə bilər? Əgər doğrudan da kömək etməyə hazırdırsa, Avropa İttifaqının birinci köməyi o ola bilər ki, monitorinq missiyasını regiondan çıxarsın, Ermənistan- Azərbaycan sərhədindən uzaqlaşdırıb, ləğv etsin. Əgər bu addım ilkin olaraq atılarsa, əlbəttə ki, o zaman xüsusi nümayəndənin bu bəyanatında bir məntiq tapmaq olar. Ondan sonrakı mərhələdə müəyyən növbəti addımların atılması üçün şərtlər yarana bilər. Məsələn, ondan sonrakı mərhələdə Avropa İttifaqı doğrudan da sülh üçün çalışırsa, Sülh Fondundan ayrılan pulların nəyə xərcləndiyi ilə bağlı şəffaf hesabat təqdim etsin. Görək, bu pullar silahlanmayamı xərclənib, yoxsa sülhəmi. Ona görə də düşünürəm ki, Avropa İttifaqının davranışları ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin fikirləri arasında ziddiyyət var. Bu ziddiyyət aradan qaldırılmalıdır ki, sülhün önü açılsın”.

Seçilən
12
aznews.az

1Mənbələr