AZ

Yakob Bruun Larsen 1,7 milyon avroya “Ştutqart”a keçdi

Almaniyanın “Hoffenhaym” klubunun sol vingeri Yakob Bruun Larsen bundan sonra “Ştutqart”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Ştutqart”ın rəsmi saytına istinadən xəbər verir.

Sözügedən klub bu transfer üçün 1,7 milyon avrosundan keçib. 26 yaşlı danimarkalı vingerlə müqavilənin müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.

Yakob Bruun Larsen “Lyunqbyu”nun yetirməsidir. O, Almaniyada “Borussiya”nın (Dortmund) da formasını geyinib. 2018-ci ildə isə yarımmüdafiəçi “Ştutqart”da icarədə olub. Danimarkalı oyunçu həmin vaxt bu komandada cəmi 4 oyuna çıxıb. “Hoffenhaym”da olarkən isə Larsen “Anderlext” və “Börnli”də icarədə olub.

Danimarkanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Yakob Bruun 2019-cu ildə əsas millidə debüt edib. O, Danimarka yığmasında 7 oyuna çıxıb, 1 qol vurub.

“Hoffenhaym” Yakob Bruun Larsendən başqa daha iki futbolçusu ilə yollarını ayırıb. Daha doğrusu, sözügedən klub mərkəz müdafiəçilərindən Attila Salaini Belçikanın “Standard”, Tim Draksleri isə Almaniyanın “Nürnberq” klubuna icarəyə verib. Onların hər ikisi cari mövsümün sonunadək icarədə olacaqlar.

Attila Salai “Hoffenhaym”a 2023-cü ilin yayında Türkiyənin “Fənərbaxça” klubundan 12,3 milyon avroya keçib. O, Almaniya klubunun heyətində cəmi 5 oyun keçirib, fərqlənə bilməyib. Salai daha öncə “Rapid” (Vyana), “Mezökövesd”, “Apollon” (Limassol), “Frayburq” kimi klublarda da çıxış edib.

Macarıstanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Salai 2019-cu ilin noyabrında debüt etdiyi əsas millidə 46 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

Tim Draksler isə “Hoffenhaym”ın öz yetirməsidir. 19 yaşlı alman müdafiəçi bu klubun əsas komandasında 21 oyun keçirib. O, Almaniyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında da çıxış edib.

Seçilən
3
arena.az

1Mənbələr