AZ

Tramp komandasından Zelenskiyə ilk açıq mesaj- güzəşt və atəşkəs...

Image

Ramil Məmmədli: “Biz nəzərə almalıyıq ki, Tramp bir dəfə prezident olsa da, o, biznesmendir”

Krım da daxil olmaqla, Ukraynanın iddia etmək istədiyi ərazilərdən Rusiyanı tamamilə sıxışdırıb çıxarmaq qeyri-real məqsəddir. Bunu ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts deyib.

“Sadəcə olaraq, bütün rusları Ukrayna torpağının hər qarışından qovacağımızı söyləməyi real hesab etmirəm. Hətta Krımdan. Prezident Tramp bu reallığı etiraf etdi və hesab edirəm ki, bu, irəliyə doğru böyük addımdır. İndi bütün dünya bu reallığı tanıyır”, - o bildirib.

Onun sözlərinə görə, münaqişənin diplomatiya yolu ilə bitməsinə diqqət yetirmək lazımdır: “Gəlin irəli gedək. Bütün dünyanı əhatə edə biləcək bu münaqişəni necə dayandıra və onun daha da genişlənməsinin qarşısını ala bilərik?”. 

Uolts onu da vurğulayıb ki, ilk addım danışıqlar prosesinə və uzunmüddətli həll yolunun axtarışına yol açacaq atəşkəsin yaradılması olmalıdır.

Hələ hakimiyyəti təhvil almamış bunlar Zelenskini atəşkəsə, daha dəqiq desək, güzəştə getməyə səsləyirlər və bunu açıq deyirlər.

“Rusiyanın güzəşti Zaporojye və Xersonla bağlı ola bilər”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, bunun əlamətləri görünürdü: “Bəlli məsələdir ki, Tramp sözügedən məsələdə Ukraynanın bir sıra güzəştlərə getməsini istəyir. Çünki seçki kampaniyası dönəmində həm Baydenin, həm də Zelenskinin ünvanına bir sıra kəskin tənqidi fikirlər səsləndirib. Ukrayna müharibəsinin Birləşmiş Ştatlar üçün iqtisadi yük olduğunu bəyan edib. Biz nəzərə almalıyıq ki, Tramp bir dəfə prezident olsa da, o, biznesmendir. Bir sıra məsələlərə biznes nöqteyi-nəzərindən yanaşır. Ona görə də istəmir ki, müharibə uzansın. Baxmayaraq ki, Ukrayna müharibəsi Birləşmiş Ştatların hərbi-sənaye kompleksinə inanılmaz dərəcədə fayda verib, milyardlarla gəlir əldə ediblər. Rusiya Trampın danışıqlara başlayacağını bildiyi üçün çalışır ki, yanvarın 20-nə qədər daha çox ərazini işğal etsin. Böyük itkilər hesabına da olsa Rusiya irəliləyir. Çünki Rusiya üçün insan amilinin heç bir əhəmiyyəti yoxdur. Bu, tarixən belə olub. Ona görə çalışırlar ki, daha çox ərazini işğal edib danışıqlarda güclü olsunlar. Ancaq Rusiya nə qədər çalışsa da Kurskı geri qaytara bilmədi. Üstəlik, Rusiya müharibədə ciddi həcmdə resurs itirir və bu, illər sonra ölkədə fəsadlar törədəcək. Ancaq o da bir faktdır ki, Rusiya Krımı və Donbası güzəştə getməyəcək. Rusiyanın güzəşti Zaporojye və Xersonla bağlı ola bilər. Bu variant Tramp administrasiyasını qane edir. Çox güman ki, Vaşinqton Kiyevi bu variantla razılaşmağa məcbur edəcək”.

Vidadi ORDAHALLI





Seçilən
13
baki-xeber.com

1Mənbələr