AZ

2 il əvvəl Azərbaycana gəlməkdən imtina etmişdi: “Avropaya qayıtmağı arzulayırdım”

“Şamaxı”nın yeni transferlərindən Andrey Tirkovyanu “Zirə” ilə yoldaşlıq görüşündə özünü göstərmək imkanı qazandı.

Rumın yarımmüdafiəçi topla hərəkətləri ilə diqqət çəksə də, fiziki hazırlıq baxımından “axsadığı” aşkar hiss olunurdu.

Oyun başa çatandan sonra Sportinfo.az-a müsahibə verən 27 yaşlı futbolçu sualları cavablandırıb.

- Rəsmi olmasa da, Azərbaycanda ilk oyuna çıxdın. Gözlədiyin kimi oldu, yoxsa daha artıq və ya az?

- İlk növbədə burada olduğumdan məmnunluğumu bildirməliyəm. Ümid edirəm ki, futbolçu bacarığımla komandama fayda verəcəyəm. Azərbaycan adı mənim üçün yeni macəradır. Çempionatın və futbolun səviyyəsi barədə çox eşitmişəm. Mənə bəslənən ümidləri doğrutmağa çalışacağam.

- Daha öncə ölkəmizdə oynamaq şansı yaranmışdı?

- Bəli. 2 illik əvvəl idi, “Botoşani”də çıxış edirdim. Klubun adını çəkməyəcəyəm, Azərbaycan təmsilçisi idi. O vaxt müəyyən söhbətimiz olmuşdu. Ancaq mən fərqli seçim etmişdim.

- İndiyə qədər Azərbaycana Rumıniyadan olan saysız məşqçi və futbolçular gəlib-gediblər. “Şamaxı”dan təklif alanda kiminlə, ya da kimlərlə əlaqə qurdun?

- Düzünü desəm, heç kimlə. Mənə Premyer Liqa və “Şamaxı” barədə danışan insanların sözünə inanıram.

- Sonuncu iş yerin Kanada olmuşdu. Okeanın o tayından bura qədər olan məsafə uzun olmadı?

- Kanadaya çətin duruma düşdüyümə görə getmişdim. Ailəmdə baş qaldıran problemlərə görə 10 ay idi futbol oynamırdım. Və həmin vaxt Kanadadan gələn təklifi müsbət dəyərləndirdim ki, əvvəlki formaya qayıdım. Hətta orada oynadığım dönəmdə belə, Avropaya qayıtmağı arzulayırdım.

- Yarımmüdafiənin müxtəlif mövqelərində oynayırsan. Hansı sənə daha doğmadır?

- Ən rahat olduğum yer hücumçunun arxasıdır, “10 nömrə” dediyimiz mövqe. Ehtiyac duyulanda, sağ vinger kimi də oynaya bilirəm. Harada məsləhət olsa, çıxış edəcəyəm.

- Ayxan Abbasov şən, eyni zamanda tələbkar məşqçidir. İlkin təəssüratlar sənə nə deyir?

- Bakıda 4 gün əvvəl gəlmişəm. Məşqlərdə və iclaslarda gördüyüm odur ki, baş məşqçi məni doğma mövqeyimdə oynatmaqla əzmkar futbol sərgiləyən komanda qurmaq istəyir. Münasibətimizə gəlincə, hamı ilə necədirsə, mənimlə də elədir.

- “Şamaxı” əsas diqqəti müdafiəyə ayırıb, şansını əks-hücumlarda axtaran komandalardandır. “2 nömrə” taktikası ilə oynamaq sənin kimi yaradıcı futbolçuya çətinlik yaratmayacaq ki?

- Mən futbolçuyam, işim baş məşqçinin verdiyi tapşırıqları meydanda icra etməkdir. Oyunlar başlamamış nəsə demək çətindir. Faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Nə dərəcədə alınacağını zaman göstərəcək.

- “Şamaxı”nın başlıca məqsədi Premyer Liqadakı mövqeyini qorumaqdır. Bu mənada azarkeşlərə nə deyə bilərsən?

- Söz verməyi xoşlamıram. Ümumiyyətlə, futbolda nəyisə söz vermək düzgün deyil. Yalnız onu deyə bilərəm ki, yaxşı nəticələr qazanmaq üçün məşqlərdə və oyunlarda bacardığımızın ən yaxşısını edəcəyik.

HƏBİB

Seçilən
6
sportinfo.az

1Mənbələr