Yanvarın 20-də vəzifələrinin icrasına başlayacaq ABŞ-ın seçilmiş prezidenti Donald Tramp Qrenlandiya adasını ölkəsinə birləşdirmək niyyətindədir.
Modern.az-ın məlumatına görə, Ağ Evin 47-ci rəhbəri Kanada ilə bağlı fikirləri qeyri-ciddi qəbul edilsə də, Avropa ölkələri onun Qrenlandiya arzusundan narahat olub.
Amerika mətbuatının adı açıqlanmayan respublikaçı müşavirlərinə istinadən verdiyi məlumata görə, Trampın xarici siyasət prioritetləri siyahısında “Qrenlandiyanın alınması” var.
Son həftələrdə seçilmiş prezident adaya nəzarəti ələ keçirmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, “Qrenlandiyaya sahib olmaq və nəzarət ABŞ-ın milli və iqtisadi təhlükəsizliyi üçün mütləq zərurətdir” və bu məqsədə çatmaq üçün hərbi gücdən istifadə olunmayacağına zəmanət verə bilməz. Tramp əmindir ki, ada Birləşmiş Ştatların tərkibinə daxil olanda Qrenlandiyalılar “böyük faydalar əldə edəcəklər”. “Biz onu qoruyacağıq və onu çox pis xarici dünyadan qoruyacağıq. Gəlin Qrenlandiyanı yenidən möhtəşəm edək!" - Ağ Evin gələcək rəhbəri bildirib.
Respublikaçıların Danimarka ilə bağlı niyyətlərinin ciddiliyi şübhə doğurmur. Qrenlandiyanı “almaq” ideyası ABŞ-ın 47-ci prezidenti tərəfindən hələ 45-ci prezident olan zaman səsləndirilib. O, ilk dəfə 2017-ci ildə belə planları açıqlayıb, 2019-cu ildə isə niyyətlərinin ciddiliyini təsdiqləyib. Lakin onun administrasiyası həmin vaxt əraziyə nəzarəti ələ keçirmək üçün heç bir addım atmayıb.
Daha əvvəlki Amerika liderləri də Qrenlandiyanı almaq fikrində olublar. Məsələn, Ağ Evin 17-ci rəhbəri Endryu Conson 1860-cı illərdə adanı Danimarkadan almağı düşünüb, 1946-cı ildə isə ABŞ-ın 33-cü prezidenti Harri Trumen Kopenhagenə 100 milyon dollar təklif edib.
Kopenhagen adanı satmaq və ya vermək niyyətində deyil. Belə ki, dekabrda Danimarka hökuməti Qrenlandiyanın müdafiəsinə ayrılan xərcləri 1,5 milyard dollar artırdığını elan edib. Kral Frederik Yeni il müraciətində Danimarkanın Qrenlandiya və Farer adaları ilə birlikdə olduğunu bəyan edib.
Yerli Qrenlandiya hakimiyyəti də ABŞ-ın nəzarətinə keçmək fikrində deyil. Qrenlandiyanın baş naziri Mute Egedenin sözlərinə görə, ada “satılmır”. Bununla belə, Donald Trampın yaratdığı hay-küy ada sakinləri arasında separatçı hissləri oyandırıb. Danimarkanın xarici işlər naziri Lars Løkke Rasmussen yanvarın 8-də Qrenlandiyanın müstəqil dövlət ola biləcəyini etiraf edib, lakin onun ABŞ-a qoşulması ideyasını rədd edib.
Eyni zamanda, Danimarka hakimiyyəti Donald Trampı birbaşa tənqid etməməyə çalışır ki, bu da yerli müxalifətin onlara tənqidinə səbəb olur.
Lakin avropalı qonşular susmayıb və Danimarkanı və onun Qrenlandiya üzərindəki suverenliyini müdafiə ediblər. Xüsusilə Fransanın xarici işlər naziri Jan-Noel Barrot, Almaniya kansleri Olaf Şolz dəstək ifadə ediblər
Bu və ya digər şəkildə avropalı siyasətçilərin belə reaksiyası onu deməyə əsas verir ki, Donald Trampın ABŞ-ın təsirini genişləndirmək planları ilə bağlı dediyi sözlər qitədə çox ciddi qəbul edilir...
Modern Təhlil və Araşdırma Qrupu