AZ

Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

Image

Elmin elə sahələri var ki, onun tədqiqat işlərinin böyük hissəsi çöl işləri ilə bağlıdır. Yəni alimlər, elmi işçilər tədqiqat aparmaq üçün ekspedisiyaya gedirlər. Arxeoloqlar, etnoqraflar, folklorçular, bioloqlar, botaniklər, zooloqlar, coğrafiyaçılar və sair öz fəaliyyətlərində çöl tədqiqatlarına üstünlük verirlər. Çünki bu onların işlərinin xarakterik xüsusiyyətlərindəndir. 

Bildiyimiz kimi, Baş nazir Əli Əsədovun sərəncamı ilə bu ilin yanvar ayının 1-dən fəlsəfə doktorlarının maaşları 60, professorların isə maaşı 100 manat artırılıb. 

Fəlsəfə doktorlarının və professorların maaşlarına artım edilməsi müsbət qarşılanır. Eyni zamanda bir sıra alimlər sosial şəbəkələrdə bildirirlər ki, ekspedisiya pulu qalxmayıb. Alimlər deyirlər ki, ezamiyyət pulu da az da olsa artıb, amma ekspedisiya pulu artmayıb. Alimlərə görə, halbuki, ekspedisiya xərcləri daha çox diqqətdə saxlanılmalıdır. 

Qeyd edək ki, biz özümüz də dəfələrlə ekspedisiyaya ayrılan maliyyə vəsaitinin az olmasından yazmışıq. Təbii ki, alimlərin fikirləri əsasında. Bu gün də ekspedisiya üçün pulun artırılması aktualdır. Dediyimiz kimi, elmin elə sahələri var ki, birbaşa çöl işi ilə bağlıdır. Ümumiyyətlə, indi ekspedisiya pulu nə qədərdir və nə qədər olmalıdır ki, alimlərin gündəliyini təmin etsin?

Sadıq Qarayev: "Mənə gəlir ki, həm ezamiyyət, həm də ekspedisiya üçün gündəlik minimum 150 manat müəyyən edilməlidir"

Ekspert Sadıq Qarayev "Bakı-Xəbər" şərhində bildirdi ki, bu çox aktual məsələdir.   S. Qarayev qeyd etdi ki, ekspedisiyaya gedən bir şəxs üçün gündəlik 150 manat tələb olunur, 50 manat otel pulu, 50 manat gündə üç dəfə normal qidalanmaq, 50 manat isə ərazini gəzməyə lazımdır: "İndi ekspedisiya pulu 30 manatdır. Amma rayonlarda 35-40 manata otellər yoxdur. Ümumiyyətlə, alim, jurnalist, yaxud rayona hansısa bir iş dalınca gedən vətəndaş olsun, nə üçün gedib ucuz yerlər gəzməlidir, yaxud yayda kondisioneri, qışda istiliyi olmayan yerdə yatmalıdır? Yəni 35-40 manatlıq yerlər elədir. Amma normal bir yerdə gecələmək və normal qidalanmaq üçün ən azı hər ikisinə ayrılıqda 40-50 manat lazımdır. Bir də ərazini gəzmək üçün həmin şəxslərin maşını yoxdursa, onlar ərazini necə gəzə bilərlər? Məsələn,  biz bir dəfə ekspedisiyaya gedərkən bir sürücü ilə danışmışdıq ki, sən bizi bir gün ərzində meşələrə baxmaq üçün iki yaxın rayon ərazisində gəzdirməlisən. O sürücü bizdən 150 manat pul istədi. Soruşursan ki, məsafə azdır, qiyməti bir az aşağı etmək olmaz? Deyir ki, yox, mümkün deyil. Bunlar göz qabağında olan işlərdir.  Ekspedisiyaya gedən adam hər dəqiqə yemək yemir ki, yorulub dayanır, bir çay içir, dincini alır. Bunun üçün cibində pulu olmalıdır. Mənə gəlir ki, həm ezamiyyət, həm də ekspedisiya üçün gündəlik minimum 150 manat müəyyən edilməlidir. Hər şeyi nəzərə almaq lazımdır. Çünki heç bir rayonda 30 manata gecələmək, qidalanmaq və gəzmək mümkün deyil. Məsələ burasındadır ki, bu 30 manat çoxdan müəyyən edilib. O vaxt müəyyən ediləndə bu məbləğ az olub. Ondan bəri də qiymətlər dəyişib, devalvasiya olub, qiymət artımı baş verib, hər şeyin qiyməti qalxıb, amma ekspedisiya pulları qalxmayıb.

Ondan sonra 60 və 100 manat söhbətləri də 10 ildir belədir. 10 ildə metroda gediş haqqı 20 qəpikdən 50 qəpiyə qalxıb, eləcə də yerüstü ictimai nəqliyyatın da qiyməti artıb. Alimlərin çoxu işə metro ilə gedib-gəlir. Adam var ki, gündə gündəlik bir neçə avtobus dəyişir. Təkcə ictimai nəqliyyat deyil ki, başqa sahələrdə də qiymət qalxıb, dərmanların, ərzağın qiyməti dəyişib, amma 60 manat simvolik olaraq qalıb. Ya bunu ləğv etsinlər, ya da artırsınlar, bu, alimə yaraşan rəqəm deyil. Yəni elmlər namizədinə pul verməmək elmə stimul verməməkdir. Bu adam doktorantdı, aspirantdır, bu nə fikirləşsin? Fikirləşsin ki, mən 3 manat alacağamsa ona görə niyə müdafiə edim? Layihələrə qoşulmaq elmin xilas yolu deyil. Layihə ilə, qrantla alim dolanmaz. 

Bunun üçün münbit şərait lazımdır. Biz bunu xarici ölkələrlə müqayisə edə bilmərik, onlarda on illərdi, yüz illərdi sistemlər qurulub, universitetlərin həm dərs demək, həm laboratoriya, həm elmi tədqiqatlar yeri var. Bu qurulan bir sistemdir. Biz olanı dağıdıb gedirik Kembric universitetinə qoşuluruq, orda alim tədqiqat aparır. Bizim universitetlərdə belə bir şərait yoxdur. Biz xariclə müqayisə aparırıq ki, alimlər qrantla işləyir. Onlarda sistem başqadır".

Elyar İslamoğlu: "Yaxşı olardı ki, həm ezamiyyə, həm də ekspedisiya pulları artırılsın" 

Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu da bizimlə söhbətində bildirdi ki, ezamiyyə və ekspedisiya pulu artırılmalıdır:"Bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və aparatının, eləcə də Gəncə bölümünün aparatının işçilərinin aylıq vəzifə maaşlarına artım oldu, amma bu, elmi tədqiqat institutlarına aid edilmədi" . 

E.İslamoğlu qeyd etdi ki, fəlsəfə doktorları üçün 60, elmlər doktorları üçün verilən 100 manatın da atmadığı müşahidə olunur:"Uzun illərdir ki, bu məbləğdə də artım yoxdur. Yaxşı olardı ki, həm ezamiyyə, həm də ekspedisiya pulları artırılsın. Əsasən ezamiyyətə və ekspedisiyaya gedən alimlərimiz əziyyət çəkirlər, vəsait çatışmır. Onlar çox az maaşa elm üçün özlərini fəda edirlər". 

İradə SARIYEVA





Seçilən
13
baki-xeber.com

1Mənbələr