AZ

Milli Məclis Aparatının nümayəndə heyəti Ankarada səfərdədir

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, nümayəndə heyətinin üzvləri əvvəlcə Ankarada Anıtqəbiri ziyarət edib, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anaraq abidə önünə gül dəstəsi qoyublar.



Bu gün nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunla görüşüb.



Görüşdə iki qardaş ölkənin münasibətlərinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafından söhbət açılıb.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 33-cü ildönümü münasibətilə təbriklərini çatdırıb.

O, parlament aparatları arasında əlaqələrin inkişafının qanunverici orqanların daha səmərəli əməkdaşlığının qurulmasına öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Söhbət zamanı iki ölkənin parlamentləri arasında imzalanmış əməkdaşlıq haqqında sazişin əhəmiyyəti qeyd edilib, həmin sənəddə parlament aparatları arasında əməkdaşlığın inkişafı məsələlərinin də yer aldığı diqqətə çatdırılıb, aparatlar arasında əməkdaşlığın perspektivləri barədə danışılıb.

Sonra nümayəndə heyəti TBMM Katibliyinin beş şöbəsinin nümayəndələri ilə görüş keçirib. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti qeyd edilib, məruzələr dinlənilib. Şöbə müdirləri öz şöbələrinin fəaliyyəti haqqında geniş təqdimatla çıxış ediblər.

Nümayəndə heyətinin səfəri davam edir.

AzVision.az

Seçilən
3
16
azvision.az

10Mənbələr