Təcrübəli məşqçi Elnur Amanov Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət milli komandasına (U-21) baş məşqçi təyin olunub.
Arena.az bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandanın məşqçilər korpusunda yeni təyinat olub. Belə ki, Amanov ATF-in U-21 yığma komandasına baş məşqçi təyin edilib.
Elnur Amanov bu təyinatla yanaşı, böyüklərdən ibarət milli komandanın böyük məşqçisi postunu qoruyub saxlayır.
Uzunillik məşqçilik təcrübəsinə malik Zahid Məmmədov da ATF-in U-21 yığma komandasına böyük məşqçi təyin edilib.
Səbuhi Zülfüqarov isə ATF-in yeniyetmələrdən ibarət yığma komandasına baş məşqçi təyin edilib.
Yeri gəlmişkən, taekvondo üzrə böyüklərdən ibarət milli komanda üzvlərinin iştirakı ilə paytaxtda yeni ilin ilk təlim-məşq toplanışına start verilib. Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, komandanın böyük məşqçisi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. 12 günlük fiziki hazırlıq prosesinin yekununda milli komandanın beynəlxalq səviyyəli yarışlarda iştirak edəcək heyəti müəyyənləşəcək.