Bakı, 14 yanvar — Azadmedia.az
Nərimanov rayonunda Bələdiyyə seçkiləri ilə əlaqədar namizədlər tərəfindən şəhid ailələri ziyarət olunub, seçicilərlə məhəllə görüşləri keçirilib.
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov rayonu, Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid ailələri və seçicilərlə görüşü keçirilib.
YAP Nərimanov rayon təşkilatının akt zalında Nərimanov rayonu, Ü. Bünyadzadə, İ Həmidov, S. Rəhman küçələrindəki ünvanlarda yaşayan seçicilərlə keçirilən görüşlərdə giriş sözü ilə çıxış edən təşkilatın sədr müavini, təşviqat qrupunun üzvü Anar Abbasov yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıb.
Görüşdə YAP tərəfindən bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, Əliyar Həsənov, Aytən Yusifli, təşviqat qrupunun üzvü Sərtac Atlas və digərləri çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasət nəticəsində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Eyni zamanda, Nərimanov rayonu, A. Nemətulla küçəsi 67, mənzil 3 ünvanında yaşayan Vətən müharibəsi şəhidi Sinan Məmmədovun və Y. V. Çəmənzəminli küçəsi 52 ünvanında yaşayan Vətən müharibəsi şəhidi Elnur Hacıyevin ailələri YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və YAP-ın namizədləri tərəfindən ziyarət olunub.
Ziyarət zamanı YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, namizədlər Təmraz Tağıyev, Nizami Babaşov, Ülkər Piriyeva və təşviqat qrupunun üzvləri Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə olan diqqət və qayğısından danışaraq, onların problemlərinin həll olunması dövlətin prioritet məsələlərdən biri olduğunu bildiriblər. Azərbaycan xalqı, dövləti var olduqca onun ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən, oğullarımız da daima xalqın qəlbində əbədi yaşayacağını, onların əziz xatirəsi isə heç vaxt unudulmayacağını qeyd edib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Görüşlər zamanı seçicilər YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.