Yanvarın 14-də Azərbaycan İstiqlal muzeyində Veteran Tankçılar İctimai Birliyinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır" adlı sərgi açılıb...
Poliqon xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu cür sərgilər Azərbaycanın tarixi və mədəni irsini yaşatmaq, xalqımızın gücünü və birliyini bütün
dünyaya nümayiş etdirmək üçün vacib bir addımdır. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər həm də gələcək nəsillər üçün bir örnəkdir. Bu, xalqımızın tarixində yalnız qələbə deyil, milli birlik və həmrəyliyin ən yüksək təcəssümüdür.
"Azərbaycan DağYəhudiləri" Dini İcmasının sədri Milix Yevdayev çıxışında Azərbaycan xalqının tarix boyu əzmkarlığı, milli iradəsi və vətən sevgisi ilə seçildiyini bildirib. O, 44 günlük Vətən müharibəsinin bu xüsusiyyətlərin ən bariz nümunəsi olduğunu və xalqımızın Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək birlik və həmrəyliyin əsl gücünü ortaya qoyduğunu diqqətə çatdırıb.
Tədbirdə Veteran Tankçılar İctimai Birliyinin sədri Hacı Əzimov, rəssam Mehriban Alışova və sərginin kuratoru Ülkər Əbülfət çıxış edərək
müharibə zamanı xalqımızın birliyinin və Prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən böyük zəfərin Azərbaycan tarixində əvəzsiz yer tutduğunu bildiriblər. Qeyd edilib ki, bu şanlı Qələbədən sonra Qarabağda tarixi abidələr bərpa edilib, mədəni irsmiz qorunub. Bu gün isə həmin abidələrin gözəlliyi rəsm əsərlərində əks olunub.
Çıxışcılar həmçinin, şəhidlərimizin və qazilərimizin göstərdiyi fədakarlığı, onların mübarizəsinin Azərbaycan xalqının gələcək nəsilləri üçün bir örnək olduğunu qeyd ediblər. Onlar, həmçinin sərginin mədəni irsimizi yaşatmaq və gənc nəsillərə vətənpərvərlik ruhunu aşılamaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonra sərgidə rəsm əsərləri təqdim olunan rəssamlar diplomlarla təltif edilib. Bu təltiflər, rəssamların mədəni irsimizin qorunmasına, Qarabağın bərpasına və Azərbaycan xalqının birliyinə verdikləri dəstəyin qiymətləndirilməsi məqsədi daşıyır.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə 14 rəssamın əl işlərindən ibarət rəsm əsərləri nümayiş olunub.
Bu əsərlər 44 günlük Vətən müharibəsində azad edilən Qarabağın təbiətini, erməni vandalizmi nəticəsində dağıdılmış, lakin Prezident İlham Əliyevin rəhbərliyi ilə yenidən bərpa olunan tarixi-memarlıq abidələrini əks etdirir.
Sərgi yanvarın 16-dək davam edəcək.
Poliqon.info