Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında hazırlanan saziş Cənubi Qafqazda sabitliyi pozacaq.
O qeyd edib ki, Rusiya Ermənistanla bütün sahələrdə əməkdaşlığı davam etdirməyə hazırdır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Cənubi Qafqazda heç vaxt sabitləşdirici rol oynamayıb”. Kremlin sözçüsü deyib: “ABŞ getdikcə daha çox ölkəni öz arxasınca sürükləməyə hər cür cəhd edir”.
Peskov etiraf edib ki, “münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək” Ermənistanın “mütləq suveren hüququdur”. O, əmin edib ki, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir və onları, o cümlədən Aİİ çərçivəsində inkişaf etdirməyi planlaşdırır. “Bütün bunlar birlikdə Ermənistan və onun xalqı üçün əhəmiyyətli dividendlər verən əməkdaşlıqdır. “Biz bundan irəli gəlirik” – mətbuat katibi vurğulayıb.
//Samir Qurbanov, Editor.az