AZ

Kike Salas həbs edildi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Sevilya”nın mərkəz müdafiəçisi Kike Salas dələduzluqda şübhəli bilinərək həbs edilib.

Arena.az bu barədə “El Confidencial” dərgisinə istinadən xəbər verir.

İddiaya görə, Salas yaxınlarının pul qazanması üçün La Liqa matçlarında bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir. İstintaq qeyri-qanuni mərc oyunlarına qarşı mübarizə üzrə ixtisaslaşmış polislər tərəfindən aparılır. 22 yaşlı müdafiəçi ötən mövsüm ümumilikdə 10 dəfə sarı vərəqə ilə cəzalandırılıb. O, son 9 oyunda 7 dəfə rəsmi xəbərdarlıq alıb. Salas bu əməlinə görə altı aydan üç ilədək həbs cəzası ala bilər.

Xatırladaq ki, Kike Salas “Sevilya”nın yetirməsidir. Müdafiəçi bu klubun aşağı yaş qruplarından ibarət kollektivlərində çıxış etdikdən sonra “Tenerife”də icarədə olub. “Sevilya”nın əsas komandasında 2023-cü ildən oynamağa başlamış Salas, cari mövsümdə 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. İspan futbolçunun əsas komandadakı göstəriciləri belədir – 52 oyun, 4 qol və 3 məhsuldar ötürmə.

“Sevilya”nın 22 yaşlı ispan müdafiəçi ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur.

Kike Salas 2024-cü ildə İspaniyanın U-21 yığmasında da çıxış edib, amma əsas millidə hələ debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
1
1
arena.az

2Mənbələr