AZ

“Afaq xanımın “Bəxt üzüyü” filmi ilə bağlı uydurmalarından sonra atam onunla danışmadı” - ÖZƏL

“Atamın sənət fəaliyyəti bu gün yetərincə işıqlandırılmır. İnsan sağ ikən xatırlanır. Cismi gedəndən, özü olmayandan sonra gec-gec xatırlanır. Amma sənət adamları unudulmamalıdır. Adi insanlarla sənət adamları arasında fərq bundan ibarətdir ki, filmləri göstərildikcə, dublyajda səsləri eşidildikcə onlar xatırlanmalıdır. Təəssüf ki, atam 3-4 film çəkdi. Çox filmləri səsləndirib. Efirləri izləyirəm, nədənsə tərəf müqabilləri o filmlərdən danışır, amma atamın adını çəkmirlər. Bu bir az təəssüfləndiricidir. Unudulmaq yaxşı şey deyil. Atamın dünyasını dəyişməsindən cəmi 4 il keçib, bununla belə çox az xatırlanır”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib. O daha sonra əlavə edib:
 
“Azərbaycan incəsənətinin elə bir sahəsi yox idi ki, atam töhfə verməsin. Tələbələrindən bir-ikisini çıxmaq şərtilə heç biri dəfnə gəlmədi. İslam Mehrəliyev və bir də adını bilmədiyim başqa biri gəlmişdi. Bu qədər tələbəsi olub atamın, 8 il xəstə yatağında olanda bir-ikisi yalnız gəldi. Amma sağlam olanda yanından çəkilməyənlər var idi ki, atamdan onlara xeyir gəlirdi. Bu insan xislətidir də. Əksər insanlar belədir. Əlindən tutub sənətə gətirdiyi insanlar var idi ki, heç biri dəfndə iştirak etmədi. Elə bil ki, heç belə bir insan olmayıb” deyə sənətkarın qızı bildirib.
Xədicə Əzizbəyli onu narahat edən mövzulardan da danışıb:
 
“Atamın adını danışmadığı həmkarlarının, ələxsus da Afaq Bəşirqızı və Rasim Balayevin adı ilə birgə çəkirlər. Buna görə çox əsəb keçirirəm. İşin əslini bilməyən tamaşaçılar var. Çevrəmizdəki insanlar çox yaxşı bilir ki, atam onlardan niyə küsüb? Təkcə tamaşaçılar bilmir. Nə gəldi yazırlar, adama da təsir edir. Atam heç kimlə küsülü olmayıb. Təkcə o iki insandan başqa. Rasim Balayevlə atam çox yaxın dost olublar. Ailədaxili söhbətlərdən sonra araları dəydi. Atam heç vaxt bu söhbətləri açıb danışmayıb. Ağır təbiətli insan idi. Afaq xanımla da arasında olan problemlər “Bəxt üzüyü” filmi ilə bağlı fikirlərdən sonra yarandı. Çünki bu Afaq xanımın uydurmaları, söz atmaları idi. Atam ona heç fikir vermirdi. Bu iki sənətkar nə atam xəstə yatanda ona baş çəkdilər, nə də dünyasını dəyişəndən sonra bizə başsağlığı verdilər. Əslində onların arasındakı söz-söhbətlər də xırda məsələlər üzərində olmuşdu. İnsani münasibətlər tamam başqadır. Atam xəstə yatağında olanda əksər sənət dostları yanına gəlirdi. Hətta bəzilərinə özü zəng edirdi. Gələnlər də sağ olsun, gəlməyənlər də” deyə sənətkarın qızı bildirib.
Seçilən
6
moderator.az

1Mənbələr