Futboldan ömürlük uzaqlaşdırılan Mirhüseyn Seyidovla AFFA arasında yaşanan məhkəmə çəkişməsi davam edir.
Dekabrın 19-na nəzərdə tutulan hazırlıq iclası yanvarın 14-nə təxirə salınmışdı.
Çərşənbə axşamı Xətai Rayon Məhkəməsində baş tutan iclasda Sportinfo.az-ın əməkdaşı qismində bəndəniz də iştirak etmək imkanı qazanıb.
Məhkəməni açıq elan edən hakim sözü AFFA-nı müdafiə edən tərəfə - Əsədov Nailə verib.
Hüquqşünas təxminən 10 dəqiqəlik çıxışı zamanı Mirhüseyn Seyidovun barəsində verilən qərarın məhkəmə yolu ilə ləğvinin mümkünsüzlüyü, bu kimi qərarların qəbul olunmasının vacibliyini ali futbol qurumlarının göstərişlərinə söykəndiyini bildirərək işə İdman Arbitraj Məhkəməsində (CAS) baxılmalı olduğunu qeyd edib.
Daha sonra söz alan Seyidovun vəkili Elcan Həsənli qarşı tərəfin söylədiklərinin heç bir məntiqi əsasa söykənmədiyini açıq şəkildə bildirib.
İdman sahəsində kifayət qədər tanınan hüquqşünas Seyidovun Azərbaycan vətəndaşı qismində məhkəməyə müraciət etməsini Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüququ olduğunu, bunun AFFA-nın Nizamnaməsi ilə məhdudlaşdırılmasının mümkünsüzlüyünu deyib
. AFFA işə məhkəmədə baxılmamasını istəməməklə bir növ vətəndaşın konstitusyon hüququnu pozur, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasına qarşı öz hörmətsizliyini göstərir.
Həsənli keçmiş futbolçunun günahsız olduğunu və heç bir sənəd-sübut olmadığı halda futboldan ömürlük uzaqlaşdırıldığını deyəndə, hakim AFFA-nın hüquq müdafiəçisindən Mirhüseyn Seyidovun barəsində çıxarılan qərarın rəsmi sübutunu istəyib.
Dekabrdakı iclasda həmin sənədi təqdim etməyən hüquqşünasın bu dəfəki iclasa da faktsız gəlməsi hakimi bir xeyli düşündürüb.
Məhkəmə rəsmisi assosiasiyanı müdafiə edən şəxsə ən qısa zamanda fakt toplusunun masasının üzərinə qoyulmasın tapşıraraq, növbəti iclasın yanvarın 31-də baş tutacağını deyib.
Məlumat üçün bildirək ki, vaxtilə “Neftçi” və “Keşlə”də top qovan, Azərbaycanın U-21 millisinin kapitan sarğısını daşıyan Mirhüseyn Seyidov 2017-ci ilin dekabrında oyun nəticələrinin manipulyasında iştiraka görə İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıb.
İş 2018-ci ildə AFFA-nın müraciəti əsasından Bakı Şəhər Prokurorluğuna göndərilsə də, dövlət orqanı futbolçu barəsində başladılan cinayət işinə xitam verib.
Seyidov barəsində çıxarılan qərarın doğru olmadığını əsas gətirərək, məhkəmədən həmin qərarın ləğvini istəyir.
HƏBİB