AZ

“Mançester Siti” akademiyasını Azərbaycana gətirmək istəyirik" - “İnşaatçı Bakı” çempionluq üçün oynayacaq

AFFA Region Liqasında yeni mövsümün startı 2024-də heç cür mümkün olmadı.

Maraqlıdı ki, bu liqada da legionerlər olacaq. Bəllidi ki, ölkəmizdə futbolçu qıtlığı var. Belədə əcnəbilərin ölkəyə axını qaçılmaz olur. Hərçənd İranda çıxış edən azərbaycanlıları əcnəbi adlandırmaq da çətindi. FİFA agenti Əsgər Cəfərzadənin bu yöndə fəaliyyəti diqqətimizi çəkdi. O, İran çempionatlarında çıxış edən futbolçuları Region Liqasına cəlb etməklə məşğuldu. Dünən onunla bu haqda danışdıq:

“Cənubi Azərbaycanın Astara şəhərindən Əmir Hüseyn Seyedanı Region Liqasında çıxış edəcək “İnşaatçı Bakı”ya transfer etdik. Düşünürük ki, gələcəkdə Azərbaycan futboluna dəstək olaraq, bu tipli transferləri həyata keçirək və bütün ölkə klublarına dəstək olaq. Daha bir futbolçu da transfer edəcəyik. “İnşaatçı Bakı”nın prezidenti Adil Mahmudov ölkəmizin əməkdar məşqçisidi. Eyni zamanda, mən də klubun idman direktoruyam. Yanvarın sonuna qədər püşkatma mərasimi olacaq. Ondan sonra isə istedadlı gəncləri Azərbaycan futboluna tanıtmaq istəyirik. Ciddi bir komanda yığmışıq. Ümid edirik ki, Region Liqasında çempionluğa nail olarıq. Başqa ölkələrdən hələ ki futbolçu gətirməmişəm. Premyer-liqa klublarına transfer etməmişəm. Akademiya üzərində çox çalışırıq. “Mançester Siti” akademiyasını Azərbaycana gətirmək istəyirik. İki-üç nigeriyalı futbolçu var, onlarla danışıqlar davam edir”.

ƏSƏD SEYİDOV
Seçilən
1
1
football-plus.az

2Mənbələr