AZ

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

Avropanın avtomobil istehsalçıları 2025-ci ildə çətinliklərlə üzləşdiyi bir dövrdə, "Goldman Sachs" artan xərclər, gömrük tarifləri və mənfəət marjasına təzyiqləri əsas gətirərək "Mercedes-Benz AG" və "Porsche AG"nin reytinqlərini aşağı salıb.  

Valyuta.Az xəbər verir ki, uzun müddətdir mühəndislik bacarıqları ilə tanınan Alman avtomobil nəhəngləri indi zəif elektrikli avtomobil mənfəəti və Çində azalan gəlirlər kimi problemlərlə mübarizə aparır.  

Bu qeyri-müəyyən vəziyyət, "Goldman Sachs"ın "Porsche AG" və "Mercedes-Benz AG"nin reytinqini aşağı salmasına səbəb olub və Avropa avtomobil sənayesi üçün də mənfi bir mənzərə yaradıb.  

Çərşənbə axşamı yayımlanan hesabatda "Goldman Sachs"ın analitiki Corc Qalliers (George Galliers) artan işçi qüvvəsi xərcləri, gömrük tarifləri riskləri, Çində azalan mənfəət və sərt ekoloji tələblərə uyğunlaşmaq üçün artan təzyiqlərə diqqət çəkərək Avropalı avtomobil istehsalçılarının üzləşdiyi problemləri vurğulayıb.  

Qalliers bildirib: "2025-ci ildə Avropa avtomobil şirkətləri üçün daha bir çətin il gözləyirik" və sektorda 2024-cü ildə 12 %-dən çox eniş yaşandığını qeyd edib.  

"Goldman Sachs", artan təzyiqləri əks etdirərək, sektor üzrə mənfəət proqnozlarını 2025-ci il üçün 9 %, 2026-cı il üçün isə 6 % azaldıb.  

Alman avtomobil istehsalçıları niyə təzyiq altındadır?

Avropalı avtomobil istehsalçılarının zəifləməsinin əsas səbəblərindən biri batareyalı elektrikli avtomobillərin ("BEV") mənfəətliliyinin aşağı olmasıdır.  

"Goldman Sachs" proqnozlaşdırır ki, Avropa və Avropa Azad Ticarət Assosiasiyasındakı ("EFTA") "BEV"in nüfuz səviyyəsi "CO2" emissiyalarını azaltmağa yönəlmiş hüquqi tələblərin təsiri ilə 2024-cü ildə satışların 14,3 %-dən 2025-ci ildə təxminən 19 %-ə yüksələcək.  

Ancaq Qalliers bu satışların "BEV"in yüksək istehsal xərclərini kompensasiya edib-etməyəcəyinə dair şübhələrini ifadə edir.  

Bununla yanaşı, Alman avtomobil istehsalçıları Çindəki birgə müəssisələrindən əldə etdikləri gəlirin azalmasının təsirini hiss edirlər. "Goldman Sachs"a görə, bu müəssisələrdən gəlirlər 2024-cü ildə əvvəlki ilə nisbətən 36 % azalacaq və bu, qərbli avtomobil istehsalçılarının dünyanın ən böyük avtomobil bazarında üzləşdiyi daha genişmiqyaslı problemləri əks etdirir.  

Qalliers əlavə edib ki, "Ford" və "General Motors"un Çindəki əməliyyatlarının artıq mənfəətsiz olması Avropalı istehsalçılar üçün də oxşar risklər yaradır.  

Rəhim

Seçilən
1
valyuta.az

1Mənbələr