AZ

Alimlər kosmik şok dalğalarının sirlərini açıqladı

Beynəlxalq tədqiqatçılar qrupu kosmosda toqquşmalardan asılı olmayan xüsusi zərbə dalğalarını tədqiq edib. Kainatın hər yerində rast gəlinən bu dalğalar güclü təbii hissəcik sürətləndiriciləridir və kosmik şüaların - böyük kosmik məsafələr boyu hərəkət edən son dərəcə yüksək enerjili hissəciklərin əmələ gəlməsində əsas rol oynayırlar. 

Hit.az xəbər verir ki, tədqiqat Nature Communications (NatCom) jurnalında dərc olunub.

Tədqiqatın əsas aspekti elektron “injection” adlanan problemin həlli idi. Bu termin hissəciklərin daha da sürətlənmək və həddindən artıq sürətə çatmaq üçün ilkin enerji qazanması prosesini təsvir edir. İndiyə qədər elektronların bunu necə etdiyi aydın deyildi.

Müşahidələr göstərib ki, Günəş küləyinin planetin maqnitosferi ilə qarşılıqlı əlaqədə olduğu Yerin şokdan əvvəlki zonasında elektronlar 500 keV-i ötərək rekord yüksək enerji səviyyəsinə çatıb. Adətən onların enerjisi təxminən 1 keV-dir. Alimlər aşkar ediblər ki, bu enerji elektronların plazma dalğaları və Yerin şok dalğası ilə qarşılıqlı təsiri nəticəsində əldə edilir.

Tədqiqatçıların fikrincə, onların işi yalnız müxtəlif proseslərin birləşməsinin hissəcikləri effektiv şəkildə sürətləndirə biləcəyini vurğulayır. Bu mexanizmlər universal ola bilər və təkcə Günəş sistemində deyil, həm də fövqəlnova qalıqları, aktiv qalaktik nüvələr və gənc ulduz sistemləri kimi uzaq astrofizik obyektlərdə baş verə bilər.

Tədiqatın müəlliflərindən biri, Northumbria Universitetindən Dr Əhməd Laltinin sözlərinə görə, Yerə yaxın plazma mühitimiz Kainatda baş verən prosesləri öyrənmək üçün unikal laboratoriyadır:

“Biz dalğaların və hissəciklərin qarşılıqlı təsiri kimi fundamental proseslərin elektronları relativistik enerjilərə sürətləndirmək üçün necə birləşdiyini anlaya bildik. Bu mexanizmlər universaldır və hissəciklərin minlərlə işıq ili məsafələrində kosmik enerjilərə necə çatdığını daha yaxşı anlamağa kömək edəcək".

Samir

Seçilən
2
hit.az

1Mənbələr