Fələstinin “İslami Cihad” hərəkatının nümayəndələri Qəzza zolağında atəşkəs danışıqlarında iştirak etmək üçün bu gün Qətərin paytaxtına gedəcəklər.
“Report” xəbər verir ki, müvafiq bəyanat hərəkatın teleqram kanalında dərc edilib.
“Bu axşam “İslami Cihad”ın yüksək səviyyəli nümayəndə heyəti atəşkəs sazişinin son detallarını müzakirə etmək üçün Dohaya gələcək”, – sənəddə deyilir. Nümayəndə heyətinin tərkibi barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, hazırda Dohada Qəzza üzrə növbəti danışıqlar raundu keçirilir. Qətər XİN-in nümayəndəsi və “İslami Cihad”ın müttəfiqi olan HƏMAS hərəkatı, demək olar, eyni vaxtda məsləhətləşmələrin yekun mərhələyə çatdığını açıqlayıblar.
Dohadakı hazırkı raundun başa çatmasından sonra danışıqçılar Qahirədə bir neçə görüş keçirəcəklər.