AZ

Ənənəvi tərəfdaşlarımızla münasibətlərimiz daha da inkişaf edir və edəcək

Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri əlaqələrimizin inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir

«Müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir» söyləyən dövlət başçısı İlham Əliyev bu çağırışı da edir ki, bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək.

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yeni istiqamətlər üzrə inkişafı, coğrafiyasının genişləndirilməsi qarşılıqlı səfərlərin dinamikasında, dövlətimizin başçısı İlham Əliyevin iştirak etdiyi, həmçinin ölkəmizin ev sahibi olduğu tədbirlərin say tərkibində özünün aydın ifadəsini tapır. Azərbaycanın Avropa, türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında dostluğa və dərin köklərə malik olan münasibətlərin dünəninə, bugününə işıq salmaqla qarşıdakı dövrdə hansı perspektivlərin əldə olunacağını təsəvvür etmək çətin olmaz.

Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda, Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın 4 il sədrlik etdiyi Qoşulmama Hərəkatının da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan «Bakı Prosesi» sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir.

Azərbaycanla Ərəb Dövlətləri Liqası, həmçinin quruma üzv olan ölkələr arasında sıx əməkdaşlıq mövcuddur. Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci ildə Ərəb Dövlətləri Liqasının Əlcəzair şəhərində keçirilən 31-ci Zirvə görüşündə fəxri qonaq qismində dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunun, Prezidentimizə etimadın göstəricisi kimi dəyərləndirildi. Prezident İlham Əliyev həmin Zirvə görüşündəki çıxışında «Bunu dostluq və qardaşlıq əlaməti hesab edirəm. Bu mötəbər Sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir» söyləyərək onu da qeyd etdi ki, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Yaxın gələcəkdə də əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək səviyyədə inkişafı 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib.

Qarşılıqlı səfərlər əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri diqqətdədir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü oldu. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti 2024-cü ildə Azərbaycana rəsmi və COP29 ilə bağlı səfərlərini, bu səfərlər çərçivəsində dövlətimizin başçısı ilə keçirdiyi görüşləri və aparılmış müzakirələri məmnunluqla xatırladı. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin COP29-da iştirakını bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı qeyd etdi ki, bu mühüm beynəlxalq tədbirin uğurla başa çatdırılmasında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığı və bu ölkənin konsepsiyası da öz rolunu oynayıb. Dövlət başçıları münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyərək, Azərbaycan ilə BƏƏ arasında dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğunu vurğuladılar. Hazırda ölkələrimizdə sabitliyin və əmin-amanlığın hökm sürdüyü qeyd olundu.

Siyasi münasibətlərimizin mükəmməl səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndiyini qeyd etdi, Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyaların da dostluğumuzun və tərəfdaşlığımızın nümunəsi olduğunu vurğuladı. Həmçinin ölkələrimizin ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq etdiyi qeyd olundu.

Qeyd edək ki, Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması hazırkı reallıqlarda özünün aydın ifadəsini tapır. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu yaşıl enerji sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.

2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələr əsasında qurulan əməkdaşlıq çərçivəsində 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasının - Qaradağ Günəş Elektrik Stansiyasının təməli qoyuldu. Ötən ilin oktyabrında Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib. Açılış mərasimindəki çıxışında «Bu gün qonaqlarımız arasında Birləşmiş Ərəb Əmirlikləri hökumətinin dörd nazirini, həmçinin qardaş ölkədən böyük nümayəndə heyətini görməkdən qürur duyuruq. Bu, tərəfdaşlığımızın və dostluğumuzun yaxşı nümunəsidir, eləcə də hər iki ölkənin bugünkü mərasimə böyük əhəmiyyət verdiyini nümayiş etdirir. Birincisi, ona görə ki, artıq göstərildiyi kimi, bu, regionda ən böyük günəş elektrik stansiyasıdır və ikincisi, ona görə ki, artıq qeyd etdiyim kimi, bu, sadəcə, başlanğıcdır» söyləyən cənab İlham Əliyev bu əminliyi də ifadə etdi ki, böyük planlarımız var və Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri uğurla inkişaf etməkdə davam edəcək. Daha çox layihələr olacaq.

Həmin gün, 2023-cü ilin 26 oktyabr tarixində qısa zamanda 1 qiqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasimi oldu. Atılan bu addımlar Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında qardaşlıq əlaqələrinin parlaq nümunəsi kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycana etibar edən, bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq şirkət olan “Masdar”a xüsusi minnətdarlığını ifadə edərək bildirdi ki, bugünkü layihə gələcəkdə həyata keçiriləcək çoxsaylı layihələrin birincisidir.

Əlaqələrin inkişafında Azərbaycanın investisiya cəlbediciliyi əhəmiyyətli rol oynayır. Azərbaycan sabitlik məkanı kimi nüfuz qazanıb. Ölkəmizdə normal iqtisadi mühit yaradılıb. Azərbaycan xarici investisiyalar üçün çox açıq ölkədir. Bunun nəticəsidir ki, son 30 il ərzində çoxmilyardlı investisiya portfelimiz olub. Azərbaycana yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun da təqribən 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda iqtisadi hədəfimiz qazıntı yanacağından asılılığımızı azaltmaq üçün iqtisadiyyatımızı şaxələndirməyi davam etdirməkdir. Amma bu reallıq da inkaredilməzdir ki, Azərbaycan neftinə və qazına hələ uzun illər ərzində beynəlxalq bazarda tələbat olacaq. Bu məqsədlə çoxsaylı neft və qaz kəmərləri sistemi istismara verilib. Azərbaycan beynəlxalq bazarlara neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi ixracatçısıdır.

Dövlət başçısı İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının açılış mərasimində bu reallığı xüsusi qeyd etmişdir ki, müstəqillik tariximiz təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki siyasi iradəmiz, cəmiyyətdə birliyimiz var. Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşları var. Əminik ki, bütün məqsədlərimizə nail olacağıq.

Azərbaycanın hazırda dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu, eyni zamanda, ötən il dünyanın ən mötəbər tədbirinin- COP29-un ölkəmizdə keçirilməsi enerji diplomatiyamızın uğurlarının təqdimatıdır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadənin təmin edilməsi üçün yeni əməkdaşlıq formatlarının yaradılmasına göstərdiyi səylər, yeni layihələri uğurlu sonluqla başa çatdırması özündə mühüm çağırışları ehtiva edir. Birlik, həmrəylik, qarşılıqlı etimad mühitinin qorunması və daha da möhkəmləndirilməsi əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əsas amillərdən biridir. Hər zaman bu reallıq qeyd edilir ki, regional çərçivədə qurulan əlaqələrin etimadı doğrultması onların beynəlxalq miqyas almasına geniş imkanlar yaratdı. Cənub Qaz Dəhlizi layihəsi bunun bariz nümunəsidir.

Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi. Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi «Davamlı gələcək üçün sektoral inteqrasiya» mövzusuna həsr edilib. Tədbir sosial-iqtisadi inkişaf üçün yeni imkanlar açmaq məqsədi daşıyır. Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində bütün dünyadan olan yüksək səviyyəli təmsilçilər fiziki və yaxud virtual formatda toplanaraq insan inkişafının təmini və dayanıqlı həllər istiqamətində biliklərini bölüşür, strategiyaları müəyyənləşdirir və beynəlxalq şirkətlərin pavilyonlarında ən qabaqcıl texnologiyaları nümayiş etdirirlər.

Qeyd edək ki, Əbu-Dabi Dayanıqlılıq Həftəsi 2008-ci ildən etibarən hər il BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində təşkil edilir və dünyanın dayanıqlılıq üzrə ən aparıcı tədbirlərindən biri hesab olunur. Sammit iqlim dəyişiklikləri ilə bağlı çağırışlarla mübarizədə, davamlı iqtisadi inkişafın və yaşıl bərpa prosesinin təmini məqsədilə səylərin birləşdirilməsi istiqamətində mühüm strateji platforma hesab olunur. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir. Prezident İlham Əliyev tədbirdə iştirak edir. Sammit yanvarın 18-dək davam edəcək.

Qeyd etdiyimiz kimi, Azərbaycanın ərəb ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf etməkdədir. Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə, o cümlədən xarici siyasətdə yaratdığı möhkəm təməl bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Belə ki, 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb və ölkəmiz bu qurumda müşahidəçi statusuna malikdir. 2006-cı ildə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların təşviqi və qarşılıqlı qorunması, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Dövlətimizin başçısının BƏƏ-yə növbəti səfəri 2016-cı ildə reallaşıb. Prezident İlham Əliyevin 2023-cü ilin sonlarında BƏƏ-nin ev sahibliyi etdiyi Əbu-Dabi Davamlılıq Həftəsinə dəvət edilməsi və bu tədbirdə yüksək səviyyədə iştirakı münasibətlərimizin inkişafında öz sözünü dedi. Ölkəmiz yaşıl iqtisadiyyata keçid edir. Bu sahə dövlətimizin başçısı İlham Əliyevin yaratdığı əməkdaşlıq və tərəfdaşlıq platformasını daha da genişləndirir. Bərpaolunan enerji sahəsində əməkdaşlıq etdiyimiz ilk ölkələrdən biri Birləşmiş Ərəb Əmirlikləridir. Təsadüfi deyil ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar da məhz BƏƏ-də qəbul edilmişdi. Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Cənab İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində diqqəti COP29 tədbirinə yönəldərək bildirdi ki, digər COP tədbirlərində istifadə olunacaq daha bir miras hazırkı, keçmiş və gələcək COP-a ev sahibliyi edən ölkələr arasında “Troyka” mexanizmidir. Bu, bir sinerji yaradır, çünki biz BƏƏ-də əldə edilmiş uğur üzərində uğur qazandıq – mən COP28 BƏƏ Konsensusunu nəzərdə tuturam. Biz onların təcrübəsindən istifadə etdik və bu il Braziliyada keçiriləcək COP zamanı orada BƏƏ və Azərbaycanın əldə etdiyi uğura uğur əlavə olunacaq. Bizim yaşıl gündəliyimiz daha bir mövzudur. Bu, tamamilə qlobal yaşıl keçid və yaşıl gündəliyə uyğundur. Biz artıq bir çox işlər görmüşük və yaxın gələcəkdə nəzərdə tutulmuş çoxsaylı layihələrimiz var.

Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti, eyni zamanda, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasını öndə saxlamasıdır. Xarici siyasətinin prinsiplərinin dəyişməzliyi ölkəmizə olan etimadı və inamı daha da artırır. Qarşılıqlı hörmət və maraqlar, həmçinin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulması, heç bir dövlətin daxili işinə müdaxilənin edilməməsi əsasdır. Azərbaycan öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir və bu hallara qarşı sərt münasibətini bildirir. Çoxşaxəli xarici siyasətimiz ölkələr və xalqlar arasında yeni körpülərin qurulmasını şərtləndirir.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
7
2
ikisahil.az

6Mənbələr