Hazırda tramvayın təşkili ilə bağlı AYNA tərəfindən müəyyən təhlilər aparılır. Tramvayın daşınma payı da nəzərə alınmaqla müəyyən əraziləri əlaqələndirməsi müəyyən edilir.
Modern.az-ın məlumatına görə, bunu AYNA-nın İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov bildirib.
O qeyd edib ki, hazırda ərazilər müəyyənləşdirilməyə çalışılır.
"Misal olaraq Mehdiabad ərazisindən Azadlıq prospekti boyunca və 28 May metrostansiyasınadək yaradılması düşünülür. Düşünürəm ki, aparılan bu təhlillərə əsasən hansı ərazilərdə tramvay xəttinin bərpa edilməsinin effektivliyi nəticəyə əsasən göstəriləcək”, - o, İctimai televiziyanın efirində deyib.
Qeyd edək ki, ötən həftə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da bu barədə danışıb. O bildirib ki, Bakıda tramvayların effektiv olacağı ərazilər müəyyənləşdirilib.
Xatırladaq ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvayın yaradılması nəzərdə tutulub. Planda deyilir ki, tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
Planda bildirilir ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir.
Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.
Plana əsasən, 2040-cı ilə qədər tramvay şəbəkəsinin 54.6 kilometr uzunluğunda olması nəzərdə tutulub. Ümumilikdə 78 stansiya və dayanacağıq yaradılcağı bildirilir