AZ

Avropa Məhkəməsi Azərbaycanı 1,6 milyon avro məbləğində cərimələdi

Qərara əsasən, 3 ay ərzində 18 ərizəçiyə kompensasiya ödənilməlidir

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə qərar verib.

AİHM-nin qərarı Bakıda "Qış parkı”nın inşası zamanı həmin ərazidən köçürülən şəxslərin ərizələri əsasında verilib.

Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 2008-ci ildə verdiyi sərəncamla sökülüb, sakinləri isə köçürülüb.

Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.

AİHM hələ 2022-ci ildə bu iş üzrə bir çox mülkiyyətçilərin hüquqlarının pozulduğunu müəyyən edib və kompensasiya məsələsinin həlli üçün vaxt verib.

Yanvarın 14-də isə AİHM hökumətin 18 ərizəçilərə 1 milyon 693 min avro məbləğində maddi və mənəvi zərərə görə təzminat ödəməsi ilə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, 3 ay ərzində ərizəçilərin hamısına maddi, mənəvi zərər əvəzi və xərc, məsrəflərin əvəzi ödənilməlidir. 

Ərizəçilərə ödənilməli olan təzminatın ümumi məbləği 1 milyon 693 min 892 avrodur.

Ərazisi 7 hektar olan "Qış parkı” 2013-cü il mayın 10-da istifadəyə verilib.

Həmin ərazidəki evlərin söküntüsü zamanı orada yaşayan sakinlərə 1 kvadratmetrə görə 1500-2000 manat ödənilib.  

Kompensasiyanı  yetərli saymayaraq köçməkdən imtina edən bəzi ailələrin isə ərazidən zorla çıxarıldığı, evlərinin onlarla razılaşdırılmadan söküldüyü bildirilir.
Seçilən
21
arqument.az

1Mənbələr