AZ

Universitetlərdə imtahan otağına kimlər daxil ola bilər? - SORĞU

Ali məktəblərdə imtahan sessiyası davam edir. Müxtəlif universitetlərin tələbələri bildirirlər ki, imtahan zamanı otağa kənar şəxslər daxil olur, fikirləri qarışır və həyəcanla birgə narahatlıq yaşayırlar.

 

Bəs görəsən, bu fikirlər həqiqəti əks etdirirmi? Universitetlərdə imtahan otağına kimlər daxil olurlar?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzunu daha ətraflı öyrənmək üçün universitetlərə sorğu ünvanladıq.

 

Bakı Dövlət Universiteti (BDU) Mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva sorğuya cavabında bildirdi ki, imtahan otağına yalnız imtahanın koordinatoru və rəhbəri daxil ola bilər:

 

"Həmin şəxslərdən başqa heç kim imtahan otağına daxil ola bilməz və olmur".

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova cavabında bildirdi ki, UNEC-də imtahanlarda İmtahan mərkəzinin əməkdaşları, nəzarətçilər, dekanlığın məsul şəxsləri, texniki işçilər, UNEC İctimai Nəzarət şurasının üzvləri, KİV nümayəndələri, rektorun müvafiq əmrilə təsdiqlənmiş tələbə könüllülər- imtahanın gedişinə mane olmamaq şərti ilə  imtahan prosesini müşahidə edə bilərlər.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev qeyd etdi ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində payız semestrinin qış imtahanı sessiyasına dekabrın 28-də start verilib:

 

"İmtahan sessiyası fevral ayının 3-nə qədər davam edəcək. İmtahanlar test üsulu, yazılı, eləcə də qabiliyyət tələb edən fənlərdən ənənəvi formada keçirilir. Formasına uyğun olaraq imtahanlara xüsusi zallar ayırılıb. Bu zallarda təhlükəsizliyə və sakitliyə maksimum səviyyədə əməl olunur.  İmtahanlara nəzarət etmək üçün universitet əməkdaşı olan tədris köməkçi heyətdən 25 nəfər nəzarətçi qismində prosesə cəlb olunub.

 

Universitetinin imtahan mərkəzinin əməkdaşlarının müəyyən işlərlə bağlı imtahan zallarına yaxınlaşmasına icazə verilir. Açıq qapı günlərində isə valideyn və ictimaiyyət nümayəndələri tərtib olunan onlayn qeydiyyat formasınddan qeydiyyatdan keçərək imtahanlara baxış keçirmək üçün müraciət edərsə, onların baxış keçirməsinə müəyyən saatlarda şərait yaradılır. Təbii ki, burada əsas məqam səssizliyə riayət və tələbələrə mane olmamaqdır.

 

AzMİU-da imtahan zalları müşahidə kameraları ilə təmin olunub. Müşahidə kameraları vasitəsi ilə həm universitet rəhbərliyi, həm ictimai şəxslər, həm də valideynlər ayırılan vaxtda imtahan prosesini izləyə bilirlər. Dolayısı ilə tələbələrə mane olmağa, nə də səs küy yaratmağa nə icazə, nə də ehtiyac yoxdur".

 

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd etdi ki, imtahana yalnız imtahan nəzarətçiləri daxil olurlar.

"Kənar şəxslərin girişi qadağandır".

 

Bakı Slavyan Universitetinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Hüseynova sorğumuza cavab olaraq bildirdi ki, Bakı Slavyan Universitetində təşkil olunan sessiya imtahanları daxili qaydalara əsasən tam uyğun şəkildə həyata keçirilir və imtahan prosesində yalnız məsul  şəxslərin iştirak hüququ vardır.

 

"Tələbələrin imtahan müddətində diqqətinin dağılmamasını təmin etmək məqsədi ilə imtahan zalında kənar şəxslərin iştirakı qətiyyən nəzərdə tutulmur".

 

Sorğumuza cavab olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev qeyd etdi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahanları təşkili qaydalarına əsasən, imtahan zallarında yalnız imtahanların təşkili və keçirilməsi ilə bağlı səlahiyyətli şəxslər, yəni imtahan rəhbərləri və nəzarətçilər iştirak edə bilərlər:

 

"İmtahanların təşkili qaydalarına əsasən, kənar şəxslər yalnız universitet rəhbərliyinin icazəsi əsasında imtahanlarda iştirak edə və imtahanların gedişatını müşahidə edə bilər. Təbii ki, burada imtahanların gedişlinə mane olmamaq əsas şərtlərdən biridir.

 

Şəffaflığın təmini məqsədi ilə ADPU-da universitetin tələbə təşkilatlarından fəallarından ibarət quruplar və ADPU-nun ictimai şurasının üzvləri yalnız müşahidəçi qismində prosesi izləyirlər".

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi Şəhanə Mahmudzadə qeyd etdi ki, ADMİU-da imtahan otağına yalnız rektor, prorektor və imtahanları həmin şöbə keçirdiyindən Tədris şöbəsinin əməkdaşları daxil ola bilər:

 

"Şöbənin 4 əməkdaşı universitetin 2 binası arasında bölünüb. 2 nəfər əsas, 2 nəfər isə III korpusda imtahanların keçirilməsinə nəzarət edirlər. Onlardan başqa kimsə imtahan otağına buraxılmır".

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, imtahanda yalnız nəzarətçi iştirak edir:

 

"Bununla yanaşı, Operativ Qərargahın üzvlərinin də imtahanın gedişinə nəzarət etmək hüququ var. Başqa heç bir kənar şəxs imtahanda iştirak etmir".

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova sorğuya cavabında bildirdi ki, Azərbaycan Universitetinin 05.02.2024-cü il tarixli, 06 saylı Elmi Şurasının qərarı ilə təsdiq edilmiş “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydalarına dair ƏSASNAMƏ"nin 4.10-cu bəndinə əsasən imtahan zamanı kənar şəxslərin (əvvəldən razılaşdırılmaqla ictimaiyyət nümayəndələri və tələbələrin valideynləri istisna olmaqla) tədris binalarına daxil olmalarının qarşısının alınması məqsədilə universitetin mühafizə xidməti tərəfindən müvafiq nəzarət sistemi yaradılıb.

 

"Həmçinin, qeyd olunan sənədin 20.4-cü bəndinə əsasən nəzarətçinin “İmtahana nəzarət komissiyası”nın və imtahan qərargahı üzvlərindən başqa hər hansı bir şəxsi imtahan otağına buraxmamaq səlahiyyəti var".

 

Xəzər Univeristetinin mətbuat katibi Əlövsət Əmirbəyli qeyd etdi ki, universitetin əsasənaməsinə görə, imtahana yalnız nəzarətçilər və imtahan nəzarət komissiyasının sədri daxil ola bilər.

 

Sorğumuza Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova cavabında bildirdi ki, imtahan sessiyasının təşkili ilə bağlı rektorun müvafiq əmri var:

 

"Həmin əmrə əsasən, müvafiq heyət imtahan otaqlarında iştirak edərək monitorinq apara bilərlər. Heyət əsasən tədrisin təşkili və təlim exnologiyalarının əməkdaşlarıdır. Fakültə dekanı, dekan müavini imtahan prosesinə daxil olub, hər hansısa müdaxilə və ya yerdəyişmə etmək hüquqları yoxdur.

 

Musiqi və rəsm müəllimliyi kimi qabiliyyət tələb edən ixtisaslarda imtahanlar şifahi keçirilir. Bu fənlərdə də komissiya üzvləri iştirak edirlər. Bundan əlavə İctimai Şuranın üzvləri vaxtaşırı imtahanlara gəlib, otaqlara daxil olmaq istədiklərini bildirirlər. Bu planlaşdırılmır, əvvəlcədən nə zaman gələcəkləri barədə məlumatımız olmur".

 

Seçilən
22
azedu.az

1Mənbələr