AZ

“Bakıya avtomobillə giriş pullu olsun” təklifinə etiraz

Ekspert: “Minlərlə insan rayonlardan Bakıya gəlir, onların maşınları üçün harada parking yarada bilərik ki?”

Nəqliyyat sahəsində 2024-cü ildə görülmüş işlər və 2025-ci ildə planlaşdırılan layihələr haqqında mətbuat konfransı keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən il reallaşdırılan layihələr barədə məlumat verib.

Nazir müavini bildirib ki, son 20 ildə Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş islahatlar, görülmüş işlər yol infrastrukturunda ciddi dəyişikliklərə gətirib çıxarıb. Respublika üzrə 20,767 km uzunluğunda avtomobil yolları salınıb, yenidən qurulub və təmir olunub. 335 ədəd körpü və yol ötürücüsü, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilib.

Akif

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı isə Cebheinfo.az-a açıqlamasında deyib ki, tıxacları azaltmaq üçün paytaxta girişi ödənişli etmək olar: “Nəzərə almaq lazımdır ki, artıq yolların genişlənməsi üçün imkan yoxdur. Bundan sonra 2-3 mərtəbəli yollar salınması mümkündür. Yəni Çində və Avropanın bəzi ölkələrində olduğu kimi, belə körpülər inşa etmək tıxacların həllinə kömək edə bilər. Bu barədə düşünmək lazımdır. Həmçinin avtomobillərin şəhərə girişi ödənişli ola bilər. Dünyada belə bir praktika var. Məsələn, Bakıda da bunu etmək olar. Paytaxtdan kənarda yaşayanlar avtomobillərini şəhərin girişində saxlayaraq, ictimai nəqliyyatdan istifadə edə bilərlər. Bakıya girişin ödənişli olmasını da düşünmək olar”. 

A.Nağının daha bir təklifi də var: “Fikrimcə, tək və cüt nömrələr təcrübəsindən istifadə etmək olar. Yəni həftənin tək günləri avtomobil qeydiyyat nişanı tək, cüt günləri isə cüt olan maşınların yollara çıxması mümkündür. Dünyanın bəzi ölkələrində bu qayda tətbiq olunur. Paytaxtımızdakı tıxaca qarşı effektli bir metod olar. Əgər tıxac problemi kritik həddə çatarsa, bu metodlardan istifadə gündəmə gələ bilər”. 

Elməddin

 Elməddin Muradlı

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, tək Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində paytaxtın avtomobillərdən azad olması üçün müxtəlif metodlara əl atılır. Onlardan biri də şəhər mərkəzlərinə avtomobillərin girişinin qadağan olunmasıdır: “Artıq İçərişəhərə, "Malakan bağı" ətrafına, "28 May" metro stansiyası ətrafına maşınların girişi məhdudlaşdırıldı. “Torqovı” adlanan ərazilərə də həftə sonları maşınların girişinə icazə verilmir. Şəhərin mərkəzində parklanmanın baha olması elə bu kimi tədbirlərin bir hissəsidir.

 Bizim Avropadakı paytaxtlardan fərqimiz ondadır ki, Bakıda kim haranı istəyirsə, oranı satır. Təsəvvür edin ki, səkiləri, avtobus dayanacaqlarını satırlar, biri market, digəri dükan  tikir, başqa birisi obyekt açıb kofe satır. Onların da arxasında bir məmur durur. Bakıda bu şeylər olmasaydı, bizim bu sahədə xeyli təcrübəmiz olardı. Rayonlardan gələn avtomobillərin şəhərə girişinin pullu olması da praktiki deyil.  Tutaq ki, vətəndaş şimal zonasından gəlib maşınını avtovağzalda avtomobil parkında saxlamaq istədi. Görək o, həmin parkda yer tapa biləcəkmi? Oranın nəqliyyat infrastrukturu normaldırmı? Bayram günlərində bir az insan axını baş verən kimi güclü tıxac yaranır və avtovağzal çökür. Minlərlə insan rayonlardan Bakıya gəlir. Onlar üçün harada parking yarada bilərik ki, maşınlarını orada saxlasınlar və şəhərə avtobusla girsinlər. Və onları şəhərə daşıyacaq qədər avtobuslarımız varmı? Rayondan gələn adamın yükü olur, onu ictimai nəqliyyatla necə daşısın? Bayıl tərəfdən gələn rayon adamı bu qədər avtomobili harada saxlayacaq? Sədərək və Binə ticarət mərkəzləri Bayıla köçəndən sonra pik saatlarda tıxacın uzunluğu “Azneft” dairəsində başlayır Bakı Su İdman Sarayında bitir. Rayondan Bakıya gələn belə olan halda şəhərə necə daxil olsun? Lökbatan-Bayıl istiqamətində metro yox, avtobusların isə bu istiqamətdə sayı yetərli deyil. Bu qədər insan və yük necə və hansı formada daşına bilər ki? 

Neftçilər prospektinə alternativ yol yoxdur. Təsəvvür edin ki, prospekt bağlanır və oraya avtomobillər buraxılmır. Bu avtomatik olaraq 20 Yanvarda, Badamdar qəsəbəsində, kənar dairəvi yolda, Yasamalda yollarda tıxacdan çökmə olacaq. Bir sözlə, Bakıya girişin pullu olması praktik deyil". 

Ekspert deyir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun 20 Yanvarda tikdirdiyi körpü həmin dairədə ciddi problemlər yaradır: “20 Yanvarda tikilən standart bir körpü yolu bərbad vəziyyətə salıb. Buna görə də orada genişləndirmə işləri aparmaq olmur. Görün, bir məmur şəhərin girişini nə hala salıb... Qaradağ rayonunda bir normal piyada keçidi yoxdur. İnsanlar Allahın ümidinə yolu keçirlər. Hər an ölümlə üz-üzədirlər. Bu qədər problemlər qalıb bir qıraqda, başlayıblar ki, Bakıya gələn rayon maşınlarını şəhərə buraxmayaq... Ən yaxşı yol regionların iqtisadi inkişafını artırmaqdır. İllərdir ki, dövlət səviyyəsində bölgələrin iqtisadi inkişaf proqramı həyata keçirilir, milyonlarla pul xərclənir. Bəs niyə həmin regionların əhalisi Bakıdadır? Çünki icra başçıları regionlara ayrılan pulları ciblərinə qoydular.  Bunun nəticəsidir ki, yarıdan çoxu hazırda həbsdədir. Sənəddə göstərilir ki, hansısa bir rayonda 3 zavod tikilib. Reallıqda isə belə bir müəssisə yoxdur. Onun tikintisinə ayrılan pullar kiminsə cibinə gedib. Nəticədə itirən işsiz əhali olur və onlar Bakıya iş dalınca gəlməyə məcbur qalırlar. 

Bölgənin problemi həll edilsə, əhali niyə öz evini qoyub şəhərə axışsın və tıxac yaratsın ki?"    

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”





Seçilən
3
musavat.com

1Mənbələr