Leksmanın əsassız iddiaları onların əsl simasını ortaya qoyur
Azərbaycana qarşı aparılan çirkin kampaniyalar bir mərkəzdən “qidalanır”...
Azərbaycanın son 4 ildə Cənubi Qafqazda formalaşdırdığı yeni siyasi reallıqlar mühüm çağırışlara əsaslanır. Təsadüfi deyil ki, bölgənin siyasi və iqtisadi təhlükəsizliyinin təminində aparıcı rol oynayan Bakı ümumən Cənubi Qafqazın yeni regional aktor kimi önə çıxmasını şərtləndirib - bunun üçün isə davamlı sülh və sabitlik ən mühüm amil kimi önə çəkilir. Məhz Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan sülh prosesi mühüm bir coğrafiyada təhlükəsizlik arxitekturasının qurulmasında əsaslı rol oynayır.
Bu isə təbii olaraq regionla bağlı məkrli planları olan bəzi “beynəlxalq oyunçuların” mövqeləri ilə uzlaşmır. Ermənistan üzərindən regiona müdaxilə cəhdləri boşa çıxan həmin güc mərkəzləri gələcək perspektivdə bütünlüklə prosesdən kənarlaşdırılmamaq üçün yenə də yeganə “saman çöpləri”ni buraxmaq istəmirlər. Onlar Ermənistanı “müdafiə etmək” bəhanəsi ilə Azərbaycana qarşı qərəzli hücumlar formalaşdırmağa çalışırlar. Bu cəhdlər isə hər zaman olduğu kimi, “daşa dəyir”...
Növbəti qərəz, növbəti yalan...
Bəli, bu istiqamətdə növbəti cəhd ermənipərəst qərarları ilə tanınan Avropa Parlamentindən gəldi. Hər zaman Azərbaycanofob, türkofob və islamofob mövqeyə malik olan və bunu gizlətməyən AP yenə də Fransanın kölgəsindən Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Erməni lobbisinin ən yaxın “çevrəsi” sayılan Avroparlament bu dəfə də heç kimi tə?ccübləndirməyib - onlar erməni kartı üzərindən min bir yalan və hədyanlarla bölgənin yeni inkişaf perspektivinə qarşı kampaniyalar aparırlar.
Bu dəfə “önə çıxarılan” sima da tanışdır - Avroparlamentin Ermənistan üzrə daimi məruzəçisi Miriam Leksmann. Leksmanın siyasi kimliyi haqda geniş məlumat verməyə ehtiyac olmasa da, bu deputat ermənipərəst davranışları, ayrı-ayrı ölkələrin daxili işlərinə qarışması kimi məziyyətləri ilə tanınsa da, bəzi ştrixlərə yenidən nəzər yetirmək lazımdır. Əvvəlcə qeyd edək ki, Leksmann növbəti dəfə Azərbaycanın ünvanına hədyanlar və böhtan dolu fikirlər deyib - bildirib ki, rəsmi Bakı regional sülh və təhlükəsizliyə mane olan bəyanatlar səsləndirir. “Hədələr səsləndirmək deyil, mürəkkəb, səmimi diplomatiya zamanıdır”, - o vurğulayıb. Beləliklə, AP-nin “məruzəçisi” növbəti dəfə təmsil etdiyi qurumun iç üzünü ortaya qoyub. Həqiqət budur ki, Azərbaycan heç bir zaman heç bir ölkəyə qarşı hər hansı bir hədə səsləndirməyib - hətta ölkəmiz işğala məruz qaldığı illərdə belə hər zaman prosesin sülh danışıqları yolu ilə, konstruktiv şəkildə inkişaf etməsinin tərəfdarı kimi çıxış edib. Təəssüf ki, Azərbaycanın bu sülhpərvər mövqeyi nə Ermənistan, nə “münaqişə” ilə bağlı birbaşa vasitəçi qismdə iştirak edən tərəflər, nə də özünü “insan hüquq və azadlıqlarının keşikçisi” elan etmiş beynəlxalq qurumlar, o cümlədən də Avropa Parlamenti tərəfindən lazımınca qiymətləndirilmədi. Və Azərbaycan nəhayətində beynəlxalq hüquq müstəvisində özünün ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Bu gün isə ölkəmiz bölgədə əbədi sülhün formalaşması uğrunda mübarizə aparır. Leksmann kimi erməni marağına kölə olanlar, lobbi puluna əyilənlər isə Cənubi Qafqazda davamlı sabitliyin formalaşmasından qorxanlardır...
Gürcüstanın daxili işlərinə qarışır...
Vurğulandığı kimi, Leksmann özünün siyasi karyerasında hər zaman lokal maraqların təmsilçisi kimi çıxış edib. Çox uzağa getməyək - destruktiv fəaliyyəti ilə tanınan deputat bundan əvvəl Gürcüstanın daxili işlərinə qarışması ilə yadda qalmışdı. Artıq bir neçə ildir ki, Gürcüstanı hədəfə alan Leksmann bu ölkənin apardığı siyasəti hədəfə alır, hətta onu təftiş etməyə cəhd göstərir - bu isə onu nümayiş etdirir ki, Leksmann adi siyasi davranış qaydalarından belə bixəbərdir. Və ya qəsdən bu dövlətin daxili işlərinə əl uzatmağa çalışır.
Xatırlasaq, rəsmi Tbilisi də Leksmann və digərlərini ölkənin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Ölkə parlamentinin sədri Şalva Papuaşvili bildirmişdi ki, bəzi xarici deputatlar özləri xarici müdaxilədən şikayət edir, lakin məmnuniyyətlə digər ölkələrin daxili işlərinə qarışırlar.
Metsolanın qəyyumluğu ilə ulduzu parlayan...
Leksmanın siyasi obrazı elə mövqeyi kimi “rəngarəngdir”. Onun erməni lobbisinə yaxınlığının mənbəyini araşdıran zaman bir çox maraqlı nüanslara şahid olursan. Məsələn, 2024-cü il seçkilərindən sonra Leksmann Avropa Parlamentinin kvestoru olub. O, prezident Roberta Metsola dövründə Parlamentin rəhbərliyinin bir hissəsinə çevriib. Maraqlı məqamlardan biri məhz budur - Avroparlamentin “sevimli məruzəçilərindən” birinə çevrilən Leksmanın ulduzu məhz Metsolanın rəhbərliyə gəlməsi ilə parlayıb. Metsolanın Avropa Parlamentinin vitse-prezidenti seçilməsi ilə Leksmanın andiçmə tarixləri üst-üstə düşür. Metsolanın siyasi kimliyi haqda geniş məlumatı isə elə Avropa mətbuatından oxumaq mümkündür. Məsələn, Almaniya mətbuatı 2023-cü ilin əvvəlində yazmışdı ki, AP rəsmisi olan Roberta Metsola əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox olsa da, qəribədir ki, nəticədə spikerə heç bir sanksiya tətbiq edilmədi.
Bu ilin sentyabrında isə “Politico” nəşri Roberta Metsolanın həyat yoldaşı Ukko Metsolanın dünyanın ikinci ən böyük kruiz gəmi şirkəti olan “Royal Caribean” qrupunun əsas Avropa lobbiçisi olduğunu yazıb. “Politico” bildirib ki, avropalı deputatlar onun Avropa Parlamentinin sədri olan arvadının nüfuzundan istifadə edərək, şirkətinin ekoloji keçidini maliyyələşdirmək üçün Avropa fondlarından istifadə etməyə çalışdığını deyirlər.
Bundan başqa Metsolanın adı “Qatargate” prosesində də ən “fəal” çəkilənlərdən olub. Leksmanın da məhz belə bir komandanın “aparıcı” üzvü olması, Metsola tərəfindən “qəyyumluğa” götürülməsi artıq şərhə ehtiyac qoymur...
Makkeynin “tələbəsi”...
Leksmanla bağlı başqa bir maraqlı məqam isə onun siyasi karyerasının başlanğıcıdır. Belə ki, Leksmann universiteti bitirdikdən sonra Beynəlxalq Respublika İnstitutunda (IRI) işləyib. Onun təmsil olunduğu sahə də “maraq” kəsb edir - Leksmann dezinformasiyanın ictimai rəyə təsiri ilə bağlı olan departamentdə çalışıb. Görünür, hazırda yaymağa çalışdığı dezinformasiyaların planı da elə həmin illərdən çəkilib. Çünki IRI-nın Azərbaycana qarşı mövqeyi bəllidir. 2008-ci ildən bu təşkilata ermənipərəst mövqeyi ilə tanınan Con Makkeyn rəhbərlik edir. Bu həmin Makkeyndir ki, ölkəmizə qarşı edilən ən böyük haqsızlıqlardan birinin müəllfidir. 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən “907” nömrəli düzəliş məhz Makkeyn tərəfindən irəli sürülüb. Görünür, Leksmanın siyasi karyerasının birinci mərhələsindəcə belə bir qurumda fəaliyyətə başlaması onun bütün gələcəyinə siraət edib.
Beləliklə, ölkəmizə qarşı aparılan bu kimi çirkin kampaniyaların məhz bir əldən idarə olunması növbəti dəfə təsdiqlənir. Avropa İttifaqı bu və ya digər şəkildə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə daxil olmaq üçün yollar axtarır - görünür, Ermənistandakı “missiya”nın işə yaramadığı həqiqəti artıq onların özləri tərəfindən də etiraf olunur. Belə olmasaydı, ən primitiv üsullara əl atmazdılar...
P.İSMAYILOV