AZ

“Ankaranın Suriyanın yenidən qurulmasına verəcəyi dəstək müzakirə olunacaq” – Heydər Oruc

Yazını böyüt
Yazını kiçilt

Bu gün - yanvarın 15-də Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən Şeybani, müdafiə naziri Murhaf Əbu Kasra və kəşfiyyat rəhbəri Enes Hattabın Ankaraya gəlməsi gözlənilir.

Hafta.az-ın yazdığına görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə yeni dövrdə Türkiyə ilə Suriya arasında diplomatik əlaqələr və regional əməkdaşlıq məsələlərinin gündəmdə olması gözlənilir.

Sözügedən səfəri dəyərləndirən Yaxın Şərq üzrə mütəxəssis Heydər Oruc bildirib ki, Suriyada 61 illik BƏƏS rejimi və 53 illik Əsəd administrasiyası devriləndən sonra qurulan müvəqqəti administrasiya diplomatik təmaslara başlayıb. Bu kontekstdə xarici nümayəndə heyətləri Dəməşqdə qonaq olarkən, eyni zamanda formalaşan nümayəndə heyətləri xüsusilə qonşu ölkələrə rəsmi səfərlər edərək dəstək axtarmağa davam edirlər.

Səfərin Suriyanın normallaşması və beynəlxalq sistemə yenidən inteqrasiyası baxımından əhəmiyyətli olduğunu ifadə edən Oruc, “Heyətdəki adlar, xüsusilə də xarici işlər naziri Şibani keçmişdə Türkiyə ilə yaxın münasibətdə olub. Onu da xatırladaq ki, xarici işlər və müdafiə nazirləri, nümayəndə heyətinin tərkibindəki kəşfiyyat rəhbəri bu yaxınlarda Dəməşqdə türkiyəli həmkarlarını qəbul etmişdilər və ilk təmas da o zaman başlamışdı. Türkiyənin Suriyanın bərpası istiqamətində atacağı təşəbbüslər və töhfə verəcəyi sektorlar çox müxtəlif olsa da, nümayəndə heyətində xarici işlər, müdafiə və kəşfiyyat rəsmilərinin olması müzakirə olunacaq mümkün mövzular haqqında ipucu verir" deyib.

Ekspertin sözlərinə görə, buna görə də xarici işlər nazirlərinin görüşündə Suriyanın xarici siyasət imkanlarının artırılması, beynəlxalq səviyyədə tanınmasının təmin edilməsi və davam edən sanksiyaların qaldırılması üçün atılacaq addımların müzakirəsi ilə yanaşı, suriyalıların geri qayıtması üçün yol xəritəsinin müəyyənləşdirilməsi də gözlənilir.

Müdafiə nazirlərinin yeni qurulan Suriya ordusunun çeviklik və potensialını artırmaqla ölkə daxilindəki müxtəlif silahlı qruplaşmaların, hətta PKK/YPG kimi terror təşkilatlarının necə məhv ediləcəyi ilə bağlı fikir mübadiləsi aparmaları gözlənilir. “Ölkənin dirçəlməsi üçün ilk növbədə təhlükəsizlik təmin edilməli və Suriyanın Türkiyə, İraq, İordaniya, Livan və İsraillə sərhədləri təmin olunmalıdır” deyən Oruca görə, İsrailin hazırda işğal etdiyi Suriya ərazisindən çıxarılması da gündəmdə olacaq və Türkiyə bu mövzuda beynəlxalq mexanizmləri işə salmağa çalışacaq, lakin İsrail müqavimət göstərsə, fərqli alternativlər də ola biləcək.

Ekspert bildirib ki, Suriya kəşfiyyat rəhbərinin MİT-in təcrübəsindən yararlanmaq istəyəcəyi gözlənilir və bu çərçivədə Suriyanın keçmiş kəşfiyyat təşkilatı “Muhaberat”ın yerinə qurulacaq strukturun necə formalaşdırılacağı ilə bağlı fikir mübadiləsi aparılacaq. Türkiyənin mövcud administrasiyanın kifayət qədər potensiala çatana qədər Suriyaya müxtəlif kəşfiyyat dəstəyi, xüsusilə də siqnal kəşfiyyatı verməyi təklif edə biləcəyi də qiymətləndirilir.

“Xarici əlaqələr, müdafiə və kəşfiyyatla başlayan danışıqların, xüsusilə infrastruktur, enerji, nəqliyyat, kənd təsərrüfatı və ticarət mövzularında önümüzdəki günlərdə getdikcə daha çox davam edəcəyi gözlənilir. Çünki Türkiyənin İdlibdə olduğu kimi yeni idarəçiliyə təşkilatlanmada yol göstərəcəyi, əlavə qaynaq və işçi qüvvəsi təmin edəcəyi qiymətləndirilir. Bu yolla Suriyanın qısa zamanda yaralarını sararaq ayağa qalxacağına ümid edilir”, - Oruc bildirib.

Seçilən
15
hafta.az

1Mənbələr