AZ

Ermənistan-ABŞ sazişi : Rəsmi İrəvan həm Vaşinqtonun dəstəyini qazanmağöa çalışır, həm də...

 “Ermənistan tərəfi burada ikili oynayır. Rəsmi İrəvan bir tərəfdən Rusiya ilə yaxın olduğunu deyir, eyni zamanda ABŞ-nin dəstəyini qazanmağa çalışır”.

Bu sözləri News365.az-a politoloq Turan Rzayev Ermənistanla ABŞ strateji tərəfdaşlıq haqqında sənəd imzalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, indiki məqamda ABŞ-Ermənistan arasında belə bir sənədin imzalanması onu deməyə əsas verir ki, Vaşinqtonla İrəvan arasında təmaslar əslində bir müddət davam edirmiş:

“Çünki belə bir sənəd təcili qəbul ediləcək razılaşma deyil. Digər tərəfdən bu, Ermənistan üçün uğurlu gedişdi. Amma yeni prezident Donald Trampın bunu icra edib-etməyəcəyi məsələsi də aktualdır. Tramp ümumiyyətlə təsir altında qalmağı sevən bir şəxs deyil. Erməni lobbisi, kilsə çox çalışdı ki, Trampı təsir altında saxlasın. Ancaq bu, alınmadığı üçün Co Baydeni dəstəklədilər. Təbii olaraq erməni lobbisi Tramp dövründə öz güclərini itirmək istəmirlər. Mövcud statuslarını qorumaq üçün tələsik sənəd imzalamaq qərarına gəliblər. Amma yenə deyirəm, Trampın Ermənistanı dəstəkləyəcəyi şübhəlidir".

Analitik hesab edir ki, ümumiyyətlə, Cənubi Qafqaz Tramp Administrasiyasının maraq dairəsində bölgə deyil:

"Ən azından ilk başlarda belə olmayacaq. Trampı düşündürən başlıca məsələ Rusiya-Ukrayna müharibəsinin həlli, İsrail-İran gərginliyinin qarşısını almaq, Çin-Tayvan münaqişəsinə imkan verməməkdir. Bu məsələlərin həlli istiqamətində addımlardan sonra Trampın Cənubi Qafqaza fokuslanması mövcuddur. Region ABŞ-dən çox uzaq olsa da, Vaşinqton bölgəyə laqeyd qalmamaq üçün Türkiyə üzərindən Cənubi Qafqaz siyasətini yeritməyə çalışacaq. O halda Ermənistanla strateji tərəfdaşlığın əhəmiyyəti qalmaz. Ermənistan kənarda qalar".

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken yanvarın 14-də Vaşinqtonda strateji tərəfdaşlıq haqqında sənəd imzalayıblar.


Seçilən
0
1
news365.az

2Mənbələr