AZ

Tələbə təqaüdləri artırılır? - AÇIQLAMA

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023/2024-cü tədris ilində ali təhsil müəssisələrinin əyani şöbələrində 182121 nəfər tələbə təhsil alır. Onlardan 100719 nəfəri təqaüd alır.

Bakıvaxtı.az DSK-ya istinadla bildirir ki, əyani şöbələrdə tələbələrin ümumi sayına nisbətən 55,3 faiz tələbə təqaüdlə təhsil alır.

Tələbələr hesab edirlər ki, onlara verilən təqaüd normal yaşayış üçün yetərli deyil. Xüsusən də digər ölkələrlə müqayisədə Azərbaycanda tələbələrə verilən təqaüd olduqca azdır.

Bəs görəsən, tələbə təqaüdlərinin artırılması gözlənilirmi?

Təhsil eksperti Elçin Əfəndi Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, həm orta ixtisas təhsil müəssisələrində subbakalavrların peşə təhsili istiqamətində, həm də ali təhsil müəssisələrində magistratura və bakalavr pilləsində təhsilalanların təqaüdünün müəyyən artımı arzuolunandır.

Onun sözlərinə görə, tələbələrə verilən təqaüd onların çətinliklərini həll etməyə imkan yaratmır:

"İndiki vəziyyətdə tələbələrin təqaüdləri adi tədaüqdə 100 manat, zərbəçilərdə 145 manat, bakalavr pilləsində əlaçılarda isə 175 manat təşkil edir. Magistratura pilləsində bakalavr pilləsi ilə müqayisədə 20-25 manatlıq fərq var. Mövcud vəziyyətdə kommunal xidmətlərin qiymətində müəyyən qədər dəyişiklik var, o cümlədən tələbələr nəqliyyat vasitələrindən daha çox istifadə edirlər. Yəni, tələbələrin xərcləri çox çıxır. Həmçinin mövcud yataqxana problemləri fonunda əksər tələbələr kirayə evlərdə yaşayırlar. Bu xərcləri qarşılamaq tələbələr üçün çətinlik yaradır".

Elçin Əfəndi: Ümid edirik ki, tələbələrin bu istəyi reallaşacaq

E.Əfəndi qeyd edib ki, hazırda tələbələr tərəfindən tələbə təqaüdlərinin artırılması ilə bağlı dövlət başçısının sərəncam imzalayacağı gözlənilir. Ümid edirik ki, tələbələrin bu istəyi reallaşacaq.

"Ölkə başçısı tərəfindən təhsilə çox önəm verildiyini nəzərə alsaq, tələbə təqaüdlərinin artımı gözləniləndir. Prezident dəfələrlə vurğulayıb ki, təhsil hər bir vətəndaşımız üçün əlçatan olmalıdır və bu məqsədlə təhsil istiqamətində müəyyən addımlar atılıb", - deyə müsahibimiz vurğulayıb.

Gülşən Şərif

Seçilən
2
1
bakivaxti.az

2Mənbələr