AZ

Orda bir kənd var...

15 yanvar. Bu tarix təəssüf ki, hələ də  Naxçıvan Muxtar Respublikası üçün çox ağır olan bir hadisə ilə yadda qalıb. 1990-cı ilin bu günü sonuncu  sakin  qədim oğuz-türk yurdundan, Naxçıvan Muxtar Respublikasının  əzəli-əbədi torpağının bir parçası olan Kərki kəndindən  zorla çıxarıldı. Nəticədə Naxçıvanın Ermənistan ərazisində anklavı olan bir kəndi sovet hərbiçilərinin köməyi ilə ermənilər tərəfindən  işğala məruz qaldı. Təəssüf ki, o zaman keçmiş SSRİ rəhbərliyi buna soyuqqanlıqla göz yumdu.

Kərki kəndi Sədərək qəsəbəsindən təqribən 10 kilometr məsafədə Ermənistan ərazisində yerləşir.  Yaşayış məskəni 960 hektar ərazidədir. Toponim olaraq kəndin kövşənlərində "Dəlik daş", "Sənəm zağası", "Gavurqala", "Cəhənnəm dərə", "Şırran", "Qızıl daş" və sair kimi qədim türk adları hələ də qalmaqdadır. Lakin 1990-cı ildə ermənilərin bura nəzarət etməsindən sonra bir çox adlar süni şəkildə erməniləşdirilib. Buna baxmayaraq son illər, lap dəqiqi 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin ciddi səyi ilə Ermənistan tərəfindən 35 il əvvəl işğal olunan anklav torpaqlarımız, kəndlərimiz ilə yanaşı Kərkinin də geri alınması gündəmdə dayanan mühüm məsələdir.

Bir az əvvələ XX əsrin 20-30-cu illərinə geri dönək. Həmin illərdə xəyanət nəticəsində  Kərki ilə yanaşı qədim Azərbaycan torpaqlarının Ermənistana verilməsinin kökündə  Sovet İttifaqı rəhbərliyi tərəfindən qəsdən   imzalanan  əsassız  qərarlar xüsusi yer tutur. Belə ki,  Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə  Azərbaycanın Naxçıvan MSSR ərazisindən  65 700 ha torpaq sahəsi Ermənistana verilib. Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi  Ermənistan ərazisinə qatılıb. Bundan başqa Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi də Ermənistana verilib. Beləliklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşüb.

O zaman yerli əhali buna etiraz etsə də heç bir nəticəsi olmayıb. Bundan sonra isə ermənilərin qərəzli  idarəçiliyinə dözməyən  yerli türk əhali  həmin əraziləri tərk etmək məcburiyyətində qalıb. 1988-90-cı illərdə Ermənistan rəhbərliyi tərəfindən Moskvanın dəstəyi ilə davam edən bu siyasət nəinki yüz minlərlə azərbaycanlını doğma torpaqlarından –Qərbi Azərbaycandan köçməyə məcbur etdi, həmçinin Kərki, Qarabağ kimi torpaqlarımızın 30 il işğal altında qalmasına səbəb oldu.  Əslən Sədərəkdən olan, tarix üzrə fəlsəfə doktoru, mərhum şair  Vaqif Məmmədov "Kərkinin taleyi" adlı kitabında bu barədə geniş bəhs edib. Digər fakt isə Ermənistanın 1990-cı illərdə prezidenti olan L. Ter-Petrosyanın bu günlərdə yayılan arxiv videosundakı etnik təmizləmə, azərbaycanlıları ata-baba torpaqlarından zorla çıxarılması ilə bağlı etiraflarıdır. 

Amma bu günün reallığı tamam başqa həqiqətləri diktə edir. Qafqazda ən güclü dövlət olan Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə regionda  öz sözünü istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan deyir. 44 günlük Vətən müharibəsindən sonra hədəf  Naxçıvana “Zəngəzur dəhlizi”nin açılması və  bir zamanlar qanunsuz olaraq, beynəlxalq hüquqa zidd atılan addımlarla Ermənistan tərəfindən işğal altında saxlanan torpaqların hər qarışını azad etməkdir. Sözsüz ki, bu torpaqların siyahısında qədim oğuz-türk yurdu Kərkinin də adı var. İnanırıqki, tezliklə Kərki kəndində yenidən Azərbaycanın üç rəngli zəfər müjdəli bayrağı dalğalanacaq.

Rza Xudiyev,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Xalq Artisti

Seçilən
3
ikisahil.az

1Mənbələr