Tarix bəlli oldu
Ekspert: Attestatlar obyektiv qiymətlər əsasında təqdim olunmalıdır
Artıq bir neçə ildir ali məktəblərə qəbul 2 mərhələdə, buraxılış və ixtisaslar üzrə qrup fənlərindən təşkil edilən imtahan vasitəsilə aparılır. Buraxılış imtahanları dərs ili bitməmiş, yəni mart və aprel ayında keçirilir. Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, 2025-ci ildə də buraxılış imtahanları mart və aprel ayında keçiriləcək.
Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla martın 2-də və 9-da keçiriləcək. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 3 zona üzrə aprelin 13-də, 20-də və 27-də təşkil olunacaq. İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.
Eksternat qaydada imtahan keçiriləcək
Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydada keçiriləcək imtahanlara sənəd qəbulu artıq yekunlaşıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, cari ildə 6 minə yaxın vətəndaş imtahanda iştirak etmək üçün müraciət edib.
İmtahan yerli təhsili idarəetmə orqanları tərəfindən yanvarın 26-sı saat 11:00-da respublika üzrə 15 imtahan mərkəzində təşkil olunacaq. Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməmiş şəxslərə bu səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
İmtahanların tez keçirilməsi tədrisə necə təsir edir?
Abituriyentlərin dərs ili bitməmiş buraxılış imtahanını verməsi birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, artıq imtahandan sonra şagirdin dərs ilinin sonunadək məktəbə getməsinə ehtiyac qalmır.
Mövzuyla bağlı “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, cavabların daha tez çıxması baxımından imtahanların tez keçirilməsi məqsədəuyğundur: “2019-cu ildən etibarən imtahanlar yeni imtahan modelində, kurikulum əsasında keçirilir. Həmin imtahanlarda açıq tipli suallar var və həmin sualların yoxlanılması da zaman tələb edir. Bu təcrübə təkcə bizdə tətbiq olunmayıb. Dünyanın əksər inkişaf etmiş ölkələrində imtahanların hətta oktyabr, noyabr ayında keçirilməsi təcrübəsi var.
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı məlumatı yeni tədris ilinin başlanğıcında elan edir. Abituriyentlər həmin proqrama uyğun həmin mövzular əsasında hazırlaşırlar. Burda da keçirilməyən mövzu olursa, oradan suallar salınmır”.
3 fəndən imtahan vermək kifayətdir
Ekspert hesab edir ki, imtahanın tez təşkili abituriyentlərin digər imtahana çox vaxt ayırmasına müsbət təsir edir: “Buraxılış imtahanında abituriyentlər artıq ixtisas qrupu ilə bağlı 3 fəndən imtahan verib, növbəti blok imtahanına, qəbulun ikinci mərhələsinə hazırlaşırlar. Yəni artıq digər 3 fənnə köklənirlər. Bilirsiniz ki, imtahan nəticələrinin açıqlanması 3-4 həftə vaxt aparır. Demək olar ki, bir ay ərzində elan olunur. Belə olmamaq üçün fənlərin sayı minimallaşdırılsa, yaxşı olar. Yəni 6-7 yox, konkret olaraq 3 fəndən imtahan verib, onun əsasında nəticələr müəyyənləşsin. İmtahan nəticələrinin emalı da bir həftə, maksimum 10 gün çəkə bilər”.
E.Əfəndi şagirdlərin dərsdən yayınma məsələsinə də münasibət bildirib: “Bu məsələdə də DİM deyil, Elm və Təhsil Nazirliyi daha çox qınanmalıdır. Çünki mövcud qaydalar əsasında attestatın verilməsi məsələsi var. Təhsil haqqında qanunda göstərilir ki, bir neçə fəndən şagird iki qiymət alırsa, o zaman da attestat verilir.
Əgər şagirdlərin dərsə davamiyyətinin qaydasında olmasını istəyiriksə, çalışmalıyıq ki, həmin qanunvericilikdəki müddəa oradan çıxarılsın. Yəni şagirdlərə formal xarakterli yox, obyektiv qiymətlər əsasında attestatlar təqdim olunsun. Əgər həqiqətən də şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi doğru deyilsə, ona attestat təqdim olunmasın. Belə olan halda proses pozulmaz”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Yeganə BAYRAMOVA