AZ

"Bank BTB" növbəti dəfə uçotdakı dəyişikliklərə görə zərər açıqlayıb

"Bank BTB" 2024-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.

Valyuta.az banka istinadən xəbər verir ki, "Bank BTB" 2024-cü ilin IV rübünü 839 min manat xalis zərərlə başa vurub. Bu əvvəlki ilə nisbətən 70% azdır. Belə ki, bank 2023-ci ildə 2,78 milyon manat xalis zərər açıqlamışdı.

Hesabat dövründə bankın faiz gəlirləri 4% artaraq 31,2 milyon manat, faiz xərcləri isə 0,2% artaraq 18,7 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 6,1 milyon manata
(illik müqayisədə 31,2% çox), qeyri-faiz xərcləri isə 13,03 milyon manata (illik müqayisədə 0,6% az) bərabər olub. Beləliklə, bank bu dövrdə 5,27 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-cü ilə nisbətən 2 dəfəyə yaxın çoxdur.

Belə olan halda bankın ili xalis zərərlə bitirməsinə səbəb gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən 4,97 milyon manat xərc yaranması olub. 2023-cü il üzrə bu rəqəm 7,78 milyon manat təşkil edib.

Qeyd edək ki, digər hər hansı bankların maliyyə hesabatlarında belə bir xərc maddəsi qeyd edilmir.    
Cari ilin yanvarın 1-nə bankın cəmi aktivləri 0.7% və ya 6,34 milyon manat azalaraq 362,8 milyon manata enib. Ötən il "Bank BTB"nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 0,5% və ya 1,4 milyon manat artaraq 270,4 milyon manata çatıb.

Bu dövrdə "Bank BTB"nin cəmi öhdəlikləri 311,3 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəlinə nisbətən 3,2% və ya 10,4 milyon manat azdır. Bankın depozit portfeli (Müştərilərin depozitləri) ötən il 5% və ya 7,7 milyon manat azalaraq 145,18 milyon manata enib.
2025-ci il yanvar ayının 1-nə "Bank BTB"nin cəmi kapitalı 8,7% və ya 4,1 milyon manat artaraq 51,47 milyon manat təşkil edib.

Seçilən
4
3
valyuta.az

4Mənbələr