AZ

Ukrayna: Döyüşdə bir addım irəli, bir addım geri

Rusiya–Ukrayna müharibəsində hərbi-siyasi vəziyyət Kiyevin xeyrinə inkişaf etmir. Rusiya ordusu son aylar ərzində cəbhə xəttində xeyli uğurlar əldə edib. Ukrayna Silahlı Qüvvələri isə bir sıra istiqamətlərdə mövqelərdən geri çəkilməli olub.

Bunu artıq Qərbdə də etiraf edirlər. ABŞ Prezidenti Co Baydenin administrasiyası da  Ukraynanın döyüş meydanında qarşılaşdığı ciddi problemlərdən xəbərdardır. Bu barədə dövlət katibi Entoni Blinken və Pentaqonun rəhbəri Lloyd Ostinin “The New York Times” üçün yazdığı məqalədə deyilir.

“Ukraynanın bu günə qədər əldə etdiyi uğurlar böyük strateji nailiyyət olub, lakin onun qoşunları hələ də döyüş meydanında ciddi problemlərlə üzləşirlər”, - deyə Blinken və Ostin Ukraynanın mühüm infrastrukturuna dəyən ziyanı əsas gətirərək bildiriblər.

Son vaxtlar Ukraynanın müxtəlif səviyyəli hərbi rəhbərləri də əməliyyat-strateji vəziyyəti daim mürəkkəb kimi xarakterizə edirlər. 2024-cü il dekabrın 19-da Ukrayna Silahlı Qüvvələrinin komandanı Aleksandr Sırski Böyük Britaniya Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin ilə telefon danışığında cəbhədəki “son dərəcə çətin” vəziyyətin davam etdiyini bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski də dünən fransalı həmkarı Emmanuel Makronla telefon danışığında ölkə ərazisinə Qərb qoşunları kontingentinin yerləşdirilməsi məsələsini növbəti dəfə qaldırıb. Danışıqların yekunu haqda söhbət açan Zelenski deyib: “Bu gün Fransa prezidenti ilə danışdıq. Ukrayna üçün müxtəlif formalarda silah paketləri və mərmilərin alınması, tərəfdaş kontingentlərin ölkəmizdə yerləşdirilməsi və ordumuza təlim keçirilməsi kimi məsələləri müzakirə etdik”.

Zelenski Brüsselə dekabr səfəri zamanı da Makronla Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə etmişdi. Sonra Zelenski Fransa prezidentinin bu “köhnə ideyasını” dəstəklədiyini bildirib, lakin təfərrüatları açıqlamayıb. O əlavə edib ki, “bu, asan proses deyil, risklər var”.

Daha əvvəl “Reuters” Avropa və Ukrayna rəsmi mənbələrinə istinadən xəbər vermişdi ki, Avropa ölkələri atəşkəs və ya sülh əldə olunacağı təqdirdə Ukraynaya hərbi kontingentin göndərilməsini müzakirə edirlər. Nəzərdə tutulan qoşun sayı 100 min nəfərə qədərdir. Agentlik, həmçinin Avropa qoşunlarının Ukrayna ərazisində yerləşdirilməsi imkanının Makron və Polşanın baş naziri Donald Tuskun Varşava görüşündə müzakirə edildiyini bildirib. Noyabr ayında Makron bu təşəbbüsü Britaniyanın baş naziri Key Starmerlə müzakirə edib. “Reuters”in mənbələri, həmçinin Kiyevin Skandinaviya və Baltikyanı ölkələrlə də bu mövzuda danışıqlar apardığını bildirib. Tusk Makronla danışıqların nəticəsi olaraq demişdi ki, Polşa atəşkəsdən sonra belə Ukraynaya qoşun göndərmək fikrində deyil.

Amma Bayden hakimiyyətinin sona çatması, Donald Trampın andiçmə gününün yaxınlaşması ərəfəsində də Qərb Ukraynaya hərbi yardımın davam etdirilməsi qənaətindədir. Dünən Almaniyanın müdafiə naziri Boris Pistorius bu məsələ ilə əlaqədar Kiyevə gəlib və ölkə rəsmiləri, o cümlədən prezident Zelenski və müdafiə naziri Rüstəm Umerovla görüşüb. O deyib: “Mən bu səfərlə göstərməliyəm ki, biz Ukraynaya fəal dəstək verməkdə davam edirik. Bu, NATO-nun Avropadakı böyük ölkəsi olan Almaniyanın və tək onun deyil, “Böyük beşlik” və digər müttəfiq ölkələrin Ukraynanı dəstəklədiyi barədə siqnaldır”. 

Rusiya tərəfinin məlumatları isə ordunun irəliləyərək yeni mövqelərə çıxmasından xəbər verir. Son məlumatlara görə, cəbhənin Svatovsk-Kremensk sektorunda irəliləyən Rusiya hərbi qüvvələri son bir neçə gündə Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindəki Qrekovka yaşayış məntəqəsinə yaxınlaşaraq aradakı məsafəni 2 kilometrə qədər azaldıblar. Bu barədə TASS-a hərbi mənbələr məlumat verib: “Son bir neçə gün ərzində Luqanskın Makeyevka yaşayış məntəqəsinin şimal-qərbində yerləşən Qrekovka kəndi istiqamətində bir neçə güclü nöqtəni dağıdan qoşunlarımızın irəliləməsi qeydə alınıb, meşə zolağı Ukrayna qüvvələrindən təmizlənib, hərbçilərimiz mövqelər arasındakı məsafəni xeyli azaldıblar. Hazırda Ukrayna mövqeləri ilə aradakı məsafə 3 kilometrdən də azdır”.

Məlumata görə, rus qırıcıları Jerebets çayının qərb sahili boyunca da nəzarət zonasını genişləndirməyə nail olub.

TASS bildirib ki, Rusiya Silahlı Qüvvələri Krasnoarmeyskdən Dneprə gedən iki marşrutdan birini də ələ keçirərək yolu kəsib. Söhbət Mezhevaya kəndindən keçən yoldan gedir: “Bununla da Dnepr boyunca düşmənin maddi-texniki təchizatı yavaş-yavaş pozulur”, – deyə təhlükəsizlik qüvvələri bildiriblər. Onlar əlavə ediblər ki, Krasnoarmeysk-Pavloqrad yolu da atəş altındadır.

Rusiya tərəfi, eyni zamanda, ölkənin bir sıra şəhərlərinə Ukraynanın PUA zərbələri də daxil olmaqla, genişmiqyaslı hücumları ilə bağlı məlumat yayıb. Ötən gecə RF-nin hava hücumundan müdafiə qüvvələri Oryol vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 17 pilotsuz uçuş aparatını vurub. Xəsarət alanlar və dağıntı yoxdur. Bu barədə vilayət qubernatoru Andrey Klıçkov bildirib.

Saratov vilayətinin qubernatoru Roman Busargin isə deyib ki, Saratov və Engels şəhərləri böyük dron hücumuna məruz qalıb, iki sənaye müəssisəsinə ziyan dəyib. Xəsarət alan yoxdur. Amma məktəblərdə dərslər distant rejimə keçirilib. Təcili və operativ xidmətlər gücləndirilmiş iş rejimində işləyir.

Paşa ƏMİRCANOV 
XQ

 

Seçilən
0
xalqqazeti.az

1Mənbələr