Cənub qonşumuz Yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər və sanksiyalar fonunda üzləşdiyi iqtisadi çətinliklərdən çıxış yolu axtarışındadır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ölkəsinin Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanın Azərbaycan və Ermənistana səfərləri barədə açıqlama verib.
“Cənubi Qafqazın təhlükəsizliyi bizim üçün çox önəmlidir. Təhlükəsizlik və sabitlik xarici müdaxilələrdən uzaq, region ölkələri tərəfindən təmin edilməlidir. Bu səfər iki ölkə ilə münasibətləri gücləndirmək, regionda sülhün qorunması və möhkəmləndirilməsinə yönəlmiş proseslərin, o cümlədən 3+3 formatında davam etdirilməsini təmin etmək məqsədi daşıyırdı", - iranlı diplomat bildirib. Bəqayinin sözlərinə görə, Tehran bütün imkanları ilə bu prosesi dəstəkləməyə hazırdır.
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı İranın artıq “ağıllandığını” düşünür: “Azərbaycan, Gürcüstan Ermənistan, Türkiyə, İran və Rusiyadan ibarət altılıq və yaxud 3+3 formatı, 44 günlük Vətən müharibəsindən sonra cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən və region dövlətləri ilə geosiyasi dialoqu təşviq etmək məqsədilə yaradılmış platformadır. 3+3 formatının reallaşması regionda sülh və sabitliyə mühüm töhfələr verəcək. Lakin proseslərin başladığı dövrdə İranın Azərbaycana qarşı sərgilədiyi qərəzli və düşmən mövqeyi, bununla yanaşı, Gürcüstanın Cənubi Osetiya və Abxaziya münaqişəsinə əsasən Rusiya ilə hər hansı bir platformada iştirak etməyə müsbət yanaşmaması 3+3 formatında əməkdaşlığın baş tutmasına imkan verməmişdi. İndi isə tamamilə fərqli situasiya yaranıb. Rəsmi Tehran platforma çərçivəsində əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirir. Cənub qonşumuz Yaxın Şərqdə baş verən hərbi-siyasi proseslər və sanksiyalar fonunda üzləşdiyi iqtisadi çətinliklərdən çıxış yolu axtarışındadır. Onlar artıq başa düşürlər ki, Azərbaycanın irəli sürdüyü şaxələndirilmiş ticari-iqtisadi layihələr, xüsusilə Zəngəzur dəhlizi bölgənin inkişafını stimullaşdıracaq”.
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov dedi ki, Azərbaycan regional problemlərin nizamlanmasında çoxsaylı imkanlara malikdir, bu imkanları üç əsas sahədə - hərbi, iqtisadi və siyasi baxımdan təhlil edərək daha dərindən anlamaq olar: "Azərbaycan hərbi sahədə güclü bir orduya və müasir silahlanmaya sahibdir. Eyni zamanda Azərbaycan öz hərbi gücünü, xüsusilə Qarabağ müharibəsindən sonra gücləndirib. Bu, ölkənin regional təhlükəsizlik məsələlərində mühüm rol oynamasını təmin edir. Həmçinin Azərbaycan NATO ilə əlaqələrini inkişaf etdirməklə beynəlxalq müdafiə sisteminə inteqrasiya etmiş və beləliklə regional sabitlikdə daha böyük təsir gücünə malikdir. Azərbaycan zəngin enerji ehtiyatlarına, xüsusilə neft və qaz sahələrindəki sərvətlərə sahibdir. Bu resurslar yalnız ölkənin daxili iqtisadi inkişafını təmin etmək üçün deyil, həm də regional sabitlik və iqtisadi inteqrasiya baxımından böyük əhəmiyyət kəsb edir.
Region ölkələrinin birgə hərəkət etməsi Cənubi Qafqazda sabitlik və inkişaf üçün əsas şərtlərdən biridir. Bu fikir, xüsusilə Azərbaycanın 3+3 əməkdaşlıq formatı təşəbbüsü ilə daha da aydın görünür. Bu format Gürcüstan və Azərbaycanın, ermənilər özlərini yaxşı aparsa, Ermənistanın da Rusiya, Türkiyə və İranla əməkdaşlığını nəzərdə tutur".
Siyasi şərhçi fikirlərini bu cür davam etdirdi: “İranın 3+3 formatına önəm verməsinin əsas səbəbləri Cənubi Qafqaz regionunda özünün maraqlarına cavab verəcək təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlib. İran üçün əsas prioritetlərdən biri Cənubi Qafqaz regionundakı ABŞ və Avropanın özünə təhdid bildiyi təsirlərinin məhdudlaşdırılmasıdır. Xüsusilə ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsi sonrası sərt sanksiyalara məruz qala biləcəyi İrana qonşu ölkələrlə münasibətləri normallaşdırmağı zəruri edir. Bu kontekstdə Azərbaycanla daha sıx əlaqələrin qurulması İran üçün strateji əhəmiyyət kəsb edir.
Əslində İran üçün Azərbaycanla əməkdaşlıq onun mövcudluğunu qorumaq üçün lazımdır. Buna görə İranın mərkəzi hakimiyyət orqanları diqqət etməlidir ki, regionlarında və müəyyən məclislərdə Azərbaycan dövləti və onun atributlarına hörmət edilsin. Azərbaycanın dövlət ləyaqətinin qorunması İranın öz maraqları daxilində olmalıdır. Çünki İranın beynəlxalq diplomatik imkanları o qədər geniş deyil ki, Azərbaycana qarşı kimsə orada artıq-əskik danışsın. Ən başlıcası isə dövlət etikasına riayət etməlidirlər.
İranın Azərbaycanla əməkdaşlığa böyük ehtiyacının olması bir neçə strateji və iqtisadi səbəblə əlaqədardır. Bu ehtiyacın əsas səbəblərini aşağıdakı şəkildə açıqlaya bilərik. İran müxtəlif beynəlxalq sanksiyalar və iqtisadi təzyiqlər səbəbilə iqtisadi inkişafını sürətləndirə bilməyib. Bu halda qonşu və etibarlı ticarət tərəfdaşı olan Azərbaycanla iqtisadi əməkdaşlıq İranın iqtisadi mövqeyini qorumaq üçün mühüm bir yoldur. İran enerji sektoru, xüsusilə qaz və neft sahəsində böyük potensiala sahib olsa da, ölkə beynəlxalq bazarlarda öz məhsullarını daha sərbəst şəkildə sata bilməkdə çətinlik çəkir. Azərbaycan isə Cənubi Qafqazın enerji mərkəzi olaraq, həm regional, həm də beynəlxalq enerji layihələrində mühüm rol oynaya bilər. Azərbaycan həm Rusiya, həm də Türkiyə ilə strateji nəqliyyat əlaqələrinə sahibdir. Bu, İran üçün Şimali və Cənubi Avropaya, habelə Orta Asiya ölkələrinə daha asan tranzit keçidini təmin edir. İran, Azərbaycan vasitəsilə beynəlxalq nəqliyyat dəhlizlərindən faydalana bilər. Həmçinin Xəzər dənizindəki nəqliyyat imkanları bu iki ölkə arasında daha da gücləndirilə bilər.
Azərbaycan da 3+3 formatını region ölkələri arasında iqtisadi əməkdaşlığı artırmaq və infrastruktur layihələrini genişləndirmək üçün bir platforma kimi görür. Xüsusilə nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və enerji resurslarının ixracı kimi məsələlərdə Gürcüstan 3+3 formatına ehtiyatla yanaşır, lakin tamamilə kənarda qalmaq istəmir. Ölkənin xarici işlər naziri Bakıya etdiyi son səfərində Azərbaycanla münasibətlərin və regional sabitliyin əhəmiyyətini vurğulayıb. Gürcüstan bu yanaşma ilə həm neytrallığını qorumağa, həm də Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirməyə çalışır.
İranın 3+3 formatına xüsusi önəm verməsi onun Cənubi Qafqaz regionunda daha güclü rol oynamaq istəyini əks etdirir. Tehran həm özünə təhdid bildiyi təsirləri məhdudlaşdırmağı, həm də region ölkələri ilə iqtisadi və siyasi əməkdaşlığı dərinləşdirməyi istədiyini ifadə edir. Bu format İran üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətlidir.
Bəs İran nə üçün indi bu məsələni yenə gündəmə gətirir? Çünki Suriyada və Yaxın Şərqdə əvvəlki mövqelərini itirib. Tramp hakimiyyətinin onun növbəti hədəf kimi alınacağını düşünür. Hesab edirəm ki, İran Azərbaycanla xüsusilə düzgün münasibət qurmağa çalışmalıdır. Ermənilər və ya digər keçici müttəfiqlərinin bəlasını dəfələrlə görməyibdirmi?"
Cavanşir ABBASLI,
“Yeni Müsavat”