Ermənistan Baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Nəşrin iddiasına görə, baş nazir hazırlıqla bağlı yaxın ətrafına göstəriş verib:
“Paşinyan əvvəllər buna ehtiyacın olmadığını söyləsə də, onun erkən seçkilərə hazırlaşdığına artıq sıravi məmurlar arasında da heç bir şübhə yoxdur. Paşinyanın həyat yoldaşı Anna Akopyanın intensiv rejimdə informasiya məkanını “bağlaması” və sosial mediada aktivliyi də məhz buna görədir. Bundan başqa, o, partiya üzvlərinə fəal olmağı tapşırıb, vaxtlarının olmadığını və ya az olduğunu bildirib. Bölgələrdən seçilən deputatları danlayıb ki, kabinetlərdə oturmayın, xalqın arasına çıxın. Hakim partiyanın üzvləri çaşqınlıq içindədirlər.
Partiya üzvləri hesab edirlər ki, Paşinyan 2026-cı ilin yayına qədər gözləmədən növbədənkənar parlament seçkilərinə gedəcək. İddia edirlər ki, fövqəladə vəziyyət ehtimalına görə Paşinyanın seçkilərə ehtiyacı var. Çünki daxili və xarici proseslər baş nazirin reytinqinin get-gedə aşağı düşəcəyini, bir neçə ay sonra indiki 15-20 faizə malik olmayacağını göstərir”.
Xatırladaq ki, ötən günlərdə hakim “Vətəndaş Müqaviləsi” Partiyasından ayrılan Ovik Ağazaryan da, bundan öncə Paşinyanın yaxınlarda istefa verərək, erkən seçkilərə gedəcəyini açıqlayıb.
Əlavə edək ki, prosedura uyğun olaraq, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayında keçirilməlidir.