AZ

Etibarlı və məsuliyyətli tərəfdaş

Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyində rolunu artırır

Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanın Avropa ölkələrinin enerji təminatında artan roluna diqqət çəkərək ölkəmizin qaz ixracının növbəti illərdə daha yüksələcəyini xatırladıb. Dövlət başçısı bildirib ki, ölkəmiz Cənub Qaz Dəhlizi şəbəkəsi ilə qaz təchizatının coğrafiyasını genişləndirir, son dövrlərdə Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxış imkanları yaranır. Hazırda Azərbaycan qazını əldə edən Avropa ölkələrinin sayı 10-a bərabərdir. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Ümumilikdə, Azərbaycanın yanacaq ixrac etdiyi ölkələrin sayı isə 12-yə bərabərdir.

12 ölkənin dayanıqlı təminatçısı

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları üzrə (illik yekun rəqəm açıqlanmayıb) respublikamızda 26,5 milyon ton neft, 45,8 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 25,3 milyard kubmetri “Şahdəniz”, 1,4 milyard kubmetri “Abşeron” yatağı, 7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. Qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 1,8 milyard kubmetr artıb. Hesabat dövründə xaricə qaz satışı 22,9 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çoxdur. Mavi yanacağın 11,7 milyard kubmetri Avropaya, 9 milyard kubmetri Türkiyəyə, 2,2 milyard kubmetri isə Gürcüstana nəql edilib. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub. Ümumilikdə, “Azəri-Çıraq-Günəşli”və “Şahdəniz” yataqlarından indiyədək 167,6 milyard kubmetr qaz ixrac edilib.

2025-ci ilin ilk günlərində Azərbaycandan qaz alan ölkələrin sayı Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiya olmaqla sabit qalıb. Yeri gəlmişkən, “Şahdəniz” qaz-kondensat yatağındakı “Alfa” platforması ilə Səngəçal terminalı arasındakı sualtı kondensat boru kəmərində texniki problemlə əlaqədar platformanın fəaliyyəti bir neçə gündür ki, dayandırılsa da, Azərbaycan bu günlərdə qaz nəql etdiyi ölkələrin heç birinin təchizatında fasilə verməyib, həmçinin, qazın həcmlərində azalma olmayıb. Bu, ölkəmizin bir daha etibarlı və məsuliyyətli tərəfdaş olduğunu təsdiqləyir. Azərbaycanın bu həssas davranışı Avropa ölkələri tərəfindən təqdir edilib, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Ehtiyatlar 2.6 trilyon kubmetr təşkil etsə də...

Azərbaycanda qaz mənbələri kifayət qədər genişdir. Hasilatda əsas mənbə olan “Şahdəniz -2” layihəsindən başqa, “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Qarabağ”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Dövlət başçısının vurğuladığı kimi bir neçə il öncə mövcud yataqlar üzrə ehtiyatların həcmi 2,6 trilyon kubmetr təşkil etsə də, yeni kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlar potensialımızı daha da artıracaq. Bu isə Azərbaycanın istehsal və nəql zəncirini daha da genişləndirəcək.

Yaxın 5 illik proqnoz: İxracın həcmi 30 milyard kubmetrə çatacaq

Hazırda illik 25 milyard kubmetr qaz nəql edən Azərbaycanın yaxın 5 il ərzində hasilatı və ixracı 20 faiz artıraraq ixracın həcmini 30-31 milyard kubmetrə qədər çatdırması proqnozlaşdırılır. Həmin qazın 20 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu nikbin proqnozlar Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) bir neçə ay əvvəl açıqladığı hesabatda da öz əksini tapıb. Həmin pronozlara əsasən, Avropanın etibarlı və uzunömürlü qaz təminatı strategiyasında Azərbaycanın rolu daha da artacaq və 2025-2027-ci illərdə ölkəmizin qaz istehsalı və nəqli 40 faiz çoxalacaq. Nəticədə Avropaya qaz nəql edən TAP kəmərinin illik gücü 20 milyard kubmetri də ötmüş olacaq. Həmçinin, Avropa İttifaqı ölkələrinə Azərbaycanın enerji resursları ilə yanaşı, digər Xəzəryanı ölkələrin də yanacaq ehtiyatlarının cəlb olunması nəzərdə tutulur. Hazırda Aİ-nin enerji məsələləri üzrə nümayəndə heyəti ilə digər türk dövlətlərinin - Türkmənistan, Özbəkistan və Qazaxıstanla yanacağın Cənub Qaz Dəhlizinə ötürürülməsi istiqamətində aktiv danışıqlar aparılmaqdadır. Bu isə Cənub Qaz Dəhlizinin daha da genişlənməsini təmin edəcək.

Beləliklə, mövcud istehsal dinamikası və perspektiv yataqlardakı hasilat işlərinin irəliləməsi tamamilə imkan verir ki, Azərbaycan Avropa Komissiyası ilə 2022-ci ildə imzaladığı anlaşmada nəzərdə tutulduğu həcmdə - qazın 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kub.metrə çatdırılması öhdəliyini təmin edəcək.

E.CƏFƏRLİ

Seçilən
1
yeniazerbaycan.com

1Mənbələr