AZ

“Yaşıl” enerjinin ixrac imkanları araşdırılır

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Rəna Hümbətova yanvarın 11–13-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi Assambleyasının 15-ci sessiyasında  bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsal payının artırılması və onun Avropa İttifaqına (Aİ) ixrac edilməsi daim diqqət mərkəzində saxlanılır.

R.Hümbətova  daha sonra ölkəmizin  2030-cu ilədək bərpa olunan enerjinin quraşdırılmış gücdə payının 30 faizə çatdırılmasını hədəflədiyini  və enerji keçidinin cari inkişaf tempini qorumaqla 2027-ci ilə qədər artıq bu hədəfə nail olmasını planlaşdırdığını,  Azərbaycanın Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə 3900 MVt gücündə Xəzər–Qara dəniz–Avropa layihəsinin reallaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoyduğunu  diqqətə şatdırıb.

Xatırladaq ki, “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin statusu, digər komponentləri, eləcə də Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq “yaşıl” enerji dəhlizinin inkişafı ilə bağlı tədbirlərin yaxın perspektivdə  gerçəkləşdirəcəyi də nəzərdə tutulub.  

Yeri gəlmişkən, adıçəkilən layihənin icrası ilə əlaqədar birgə müəssisənin təsis sənədləri  imzalanıb. Onun qarşısında isə, ilk növbədə, layihənin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq və maliyyələşdirmək, icrası proseslərinə nəzarət etmək əsas vəzifələr kimi qoyulub. Beləliklə, “yaşıl” enerji dəhlizinin əsas resurs mənbəyi olan Azərbaycanın Avropa ölkələrinin bərpaolunan enerji sahəsində əsas tərəfdaşlarından birinə çevriləcəyi prioritet istiqamətə çevrilib. 

“Yaşıl” Enerji Dəhlizi Birgə Müəssisəsinə rəhbərliyin rotasiyaya əsaslanması, həmçinin Fiber-Optik Kabel Xəttinə dair tapşırıqların və Bolqarıstanın layihəyə inteqrasiyası ilə bağlı məsələlərin dördtərəfli layihənin texniki-iqtisadi əsaslandırmasında ehtiva edilməsi razılaşdırılıb. Bundan başqa, ümumi və qarşılıqlı maraq doğuran layihələrin ikinci siyahısı ilə əlaqədar 2024-cü ilin sentyabr ayında Avropa Komissiyası tərəfindən başladılmış proses çərçivəsində status üçün kollektiv şəkildə müraciət barədə razılığa gəlinib.  

Onu da deyək ki,  2022-ci il dekabr ayının 17-də imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl” enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”də Rumıniya ilə respublikamız arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsi  nəzərdə tutulub və 1000 meqavat gücündə 1195 kilometr (1,1 min kilometr sualtı və 95 kilometr yerüstü) uzunluğunda sualtı elektrik kabelinin tikintisi qərara alınıb. Bu anlaşma ilə Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi və Xəzərdə bərpa olunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsası qoyulub.      

Layihənin əhəmiyyətini nəzərə alan  Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpaolunan enerji mənbələri proqramı vasitəsilə Qara dənizin dibinin geofiziki və geotexniki tədqiqatlarının aparılmasının maliyyələşdirilməsi üçün 35 milyon dollar məbləğində krediti təsdiqləyib. Avropa İttifaqı isə Şərq Tərəfdaşlığı İnvestisiya Planına əsaslanaraq layihəyə 2,3 milyard avro ayırmaq niyyətini bəyan edib. Eyni zamanda, Avropa Yenidənqurma və  İnkişaf  Bankı bu layihəyə dəstək məqsədilə müzakirələrə  başlayıb.

Seçilən
5
xalqqazeti.az

1Mənbələr