AZ

® “Caspian Energy Club” seçki kampaniyasına start verib

“Caspian Energy Club” 2024-cü ilin yekunlarının qiymətləndirilməsinə və 2025-ci il üçün fəaliyyət planının müzakirəsinə həsr olunmuş ümumi toplantı təşkil edib.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Ümumi toplantı çərçivəsində Telman Əliyev “Caspian Energy Club”ın 2024-cü ilin yekun hesabatını, həyata keçirilmiş tədbirlər, hökümətə təqdim edilən hesabatlar, ölkə daxilində və beynəlxalq səviyyədə “Caspian Energy Club”ın göstərdiyi fəaliyyəti barədə geniş məlumat təqdim edib. Müzakirə olunan mövzular sırasında 2025-ci il üçün beynəlxalq və regional layihələr üzrə fəaliyyət planı, hökumət və biznes dialoqunda prioritetlərin müəyyənləşdirilməsi və “Caspian Energy Club” üzvlərinin təklif və sualları yer alıb.

Telman Əliyevin sözlərinə görə, "Caspian Energy Club" 2025-ci ildə öz fəaliyyətini Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda daha da fəallaşdırmağı planlaşdırır. Bu məqsədlə, “Caspian Energy Club” Azərbaycan Milli Biznes Assosiasiyası ilə birgə regionlarda fəaliyyət göstərən müəssisələr üçün "Business Tour"lar, yerli icra hakimiyyətləri ilə "B2G Forum"lar, müxtəlif seminarlar və biznes təlimlər təşkil etməyi nəzərdə tutur.

Bundan əlavə, müxtəlif iqtisadi rayonlarda fəaliyyət göstərən müəssisə rəhbərlərinin iştirakı ilə iki, üç və çoxtərəfli networking tədbirlər təşkil ediləcəkdir. Bu tədbirlər vasitəsilə həmin bölgələrdəki müəssisələrin fəaliyyəti, istehsal etdiyi məhsullar və təklif etdiyi xidmətlər haqqında dərin məlumat əldə ediləcək, həmçinin onların beynəlxalq bazarlara çıxış imkanları müzakirə olunacaq.

Onlayn formatda keçirilən tədbirdə, "Caspian Energy Club"ın komitə və alt komitələrinin rəhbərləri ilə yanaşı, işçi qruplarının üzvləri müxtəlif təkliflər irəli sürüblər. Səsləndirilən təkliflər, "Caspian Energy Club"ın ötən ildən etibarən aktiv iştirak etdiyi Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası çərçivəsində keçirilən iclaslarda müzakirə olunaraq, hökumət nümayəndələrinə təqdim ediləcək.

“Caspian Energy Club” 2025-ci ildə süni intellektin tətbiqini və korporativ sosial məsuliyyət çərçivəsində idman layihələrini gücləndirməyi planlaşdırır. Süni intellektin biznes və sosial sahələrdə tətbiqini təşviq edərək, texnoloji innovasiyaların inkişafını və daha səmərəli istifadəsini hədəfləyir. Bu təşəbbüs regional layihələrin və biznes fəaliyyətin optimallaşdırılmasına kömək edəcək. "Caspian Energy Club" idman tədbirləri vasitəsilə cəmiyyətin fərqli təbəqələrini bir araya gətirərək, həm fiziki, həm də sosial sağlamlığı artırmağa yönəlmiş təşəbbüslər həyata keçirəcək. Klubun məqsədi, eyni zamanda, ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə əsaslanaraq dayanıqlı inkişafı təşviq etməkdir.

Tədbirin nəticələrinə əsasən, 2025-ci ilin İdarə Heyətinin yeni tərkibinin seçkiləri 12 mart tarixinə təyin edilib. Qeyd edək ki, “Caspian Energy Club”ın İdarə Heyətinin yeni tərkibi hər ilin mart ayının üçüncü həftəsinin üçüncü günü keçirilir. “Caspian Energy Club”ın İdarə Heyətinin Üzvləri haqqında Əsasnamə”yə əsasən, İdarə Heyətinin 7-dən 9-dək üzvü ola bilər. Səsvermə məlumatı səsvermənin başlanmasına ən azı 30 təqvim günü qalmış klubun bütün üzvlərinə elektron poçt vasitəsilə göndəriləcək. Seçkilərə 60 gün qalmış təbliğat-təşviqat kampaniyasına start veriləcək, bu kampaniya çərçivəsində namizədlər "Caspian Energy Club" üzvlərini seçki proqramı ilə tanış edə bilərlər.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın, həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Seçilən
0
1
azertag.az

3Mənbələr