Rusiyanı idarə edənlərin də, bir çox sıravi rusların da ən böyük problemi zehniyyət, təfəkkür problemidir. Rus ağlı “beynəlxalq hüquq”, “sərhədlərin toxunulmazlığı”, “dinc qonşuluq”, “suverenlik” kimi çağdaş dəyərləri, sivil anlayışları qavraya bilmir.
Bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü, Putinin köməkçisi Nikolay Patruşevin Ukrayna ilə bağlı son açıqlamasından da görmək mümkündür. Belə ki, Trampın inauqurasiyasından sonrakı dünyanın geosiyasi reallıqlarını proqnozlaşdırmağa çalışan Nikolay Patruşev münəccimlik edərək, Ukraynanın 2025-ci ildə bir dövlət kimi mövcudluğunu dayandıracağını da bəyan edib.
Təsəvvür edirsinizmi, böyük bir dövlətin ikinci-üçüncü şəxslərindən biri olan bu adam qonşu dövlətin öz mövcudluğunu dayandıracağını arzulayır və bunu açıq şəkildə dilə gətirir. Bu isə öz növbəsində beynəlxalq hüquqa tüpürmək deməkdir.
21-ci əsrdə feodal müharibələri dövründən qalma bu cür zehniyyət sahiblərinin mövcudluğu həqiqətən də heyrət doğurur. Və ən pisi, ən təhlükəlisi də budur ki, bu zehniyyət bugünkü Rusiyanın dövlət ağlını təşkil edir.
Kollektiv Qərbin son 3 ildə Ukrayna cəbhəsində Rusiyanı süquta uğrada bilməməsinin gizli səbəbi də elə bu zehniyyətə dayanır. Məşhur rus şairi Fyodor Tütçevin yazdığı kimi, Rusiyanı ağılla dərk etmək mümkün deyil (“Умом Россию не понять”).
Kreml hər şeyə dağıdıcı ağılla, vəhşi güc anlayışı ilə yanaşır. Ona görə də Ukraynada xəstəxanaları, doğum evlərini, uşaq bağçalarını, məktəbləri, yaşayış massivlərini bütün dünyanın gözü önündə amansızcasına bombalayır. Lakin Qərb isə "sivil müharibə" qanunlarından çıxış edərək lap son aylara qədər Ukraynaya Rusiyanın dərinliklərini vurmağa icazə vermədi, Ukrayna ordusunu (VSU) daha güclü silahlarla təmin etmədi.
Başqa sözlə desək, Qərb "Rusiya" adlı ayının yırtıcı gücünün qarşısına eyni güclə çıxmağın vacibliyini dərk etmədi.
Qərb bundan əvvəlki müharibələrdə də həmişə məhz bu zehniyyət fərqinə, yanaşma müxtəlifliyinə görə Rusiyaya uduzub. İstər Napoleon, istərsə də Hitler Rusiyanın nələrə gedə biləcəyini, hansı qeyri-adi müharibə fəndlərinə, iblisanə üsullara əl atacağını öncədən hesablaya bilmədiklərinə görə rüsvayçı şəkildə məğlub olublar.
Və bu dövlət bu gün də öz “amplua”sındadır. Nikolay Patruşevin Nostradamus obrazına girərək Ukraynanın 2025-ci ildə yox olacağını söyləməsi, Rusiyanın sülhə yox, davamlı barbarlığa kökləndiyini göstərir.
Bir xalqın, bir dövlətin məhvini arzulamaq patruşevlər üçün adi məsələdir. Bu isə sözsüz ki, Rusiyanı təkcə Ukrayna üçün deyil, bütün postsovet ölkələri üçün daha təhlükəli edir.
Ancaq Kremldəki qocaların (Putin, Lavrov, Patruşev, Narışkin, Belousov və digərləri) bu xülyaları gerçəkləşməyəcək. Ukrayna 2025-ci ildə mövcudluğunu dayandırmayacaq. Ukrayna ayaqda qalmağı bacaracaq. Rusiya isə ayı davranışlarını davam etdirməklə postsovet ölkələrində əvvəlkindən daha çox nifrət qazanacaq. Bu isə rus xalqının faciəsidir.
P.S. Təəssüf ki, ruslar tarixdən ibrət götürməyi, dərs almağı, tarixi proseslərdən düzgün nəticə çıxarmağı bacarmırlar. Çünki rus zehniyyəti ilə tarix şüuru bir-birinə daban-dabana ziddir.
P.P.S. Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun bu günlərdə Litvanın “Delfi” saytına müsahibəsində Rusiya prezidentinə ünvanladığı bu mesaj hesab edirəm ki, Kremldəki qocalar üçün də, sıravi rus şovinistləri üçün də olduqca qiymətli və faydalı tövsiyədir:
“Vladimir Putin imperiya iddialarından əl çəkməlidir. İndi ən vacib olan məsələ budur ki, Putinə başa salınmalıdır ki, Rusiya artıq imperiya deyil. Putinin etdiyi barbarlıqdır və o başa düşməlidir ki, Ukrayna, Estoniya, Latviya, Litva və digər ölkələrin heç biri artıq Rusiya imperiyasının bir hissəsi deyil”.