Bakı, 15 yanvar, AZƏRTAC
Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi hava qüvvələri səsdən sürətli B-1B strateji bombardmançı təyyarələrlə birgə hərbi təlimlər keçirib.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Manevrlərə strateji bombardmançılarla yanaşı, Cənubi Koreyanın F-15 və Yaponiyanın F-2 qırıcıları da qatılıb.
Təlimlər bir müddət öncə Koreya Xalq Demokratik Respublikası ərazisində hipersəs və qısa mənzilli raketlərin sınağından sonra keçirilib. Nazirliyin məlumatına görə, manevrlər Pxenyanın nüvə və raket təhdidlərinin qarşısını almaq və onlara cavab vermək üçün birgə imkanları təkmilləşdirmək məqsədi daşıyır.