AZ

AFFA Hakimlər Komitəsinin sədri Türkiyə toplanışını dəyərləndirib

AFFA Hakimlər Komitəsinin sədri Frank de Blekere hakimlərin Türkiyədə təşkil olunmuş təlim-məşq toplanışını dəyərləndirib.

Mütəxəssis “Report”a açıqlamasında toplanışın vacibliyini qabardıb.

O, toplanışın sonunda fiziki testlər götürüldüyünü söyləyib:

“Premyer Liqa hakimlərinin təlim-məşq toplanışı çempionatın ikinci yarısına hazırlaşmaq üçün çox vacib idi. Şəraitimiz çox yaxşı idi. Günəşli hava, çox yaxşı, təbii örtüklü futbol meydanları və hakimlər üçün hər cür şəraiti olan oteldə qalırdıq. Proqram üzrə hər gün 2 dəfə fiziki məşq və texniki sessiyalar keçirilirdi. Kursa beynəlxalq səviyyədə tanınmış təlimçilər - UEFA mütəxəssisi Leyf Lindberq, VAR mütəxəssisi Kristof Dyerik, UEFA-da fiziki hazırlıq üzrə baş məşqçi Verner Helsen, UEFA konvensiyası koordinatoru Leonid Kaloşin dəvət edilmişdilər. Həftə ərzində peşəkar hakimlər qrupu ilə çox çalışdıq. Toplanışın sonunda fiziki testlər də götürüldü”.

Belçikalı komitə sədri hakimlər üçün hansı sessiyalar təşkil olunduğunu da vurğulayıb:

“Texniki sessiyalar hakim və VAR arasında müdaxilə xətti, penalti epizodları, ardıcıl qərar qəbul etmə və sair haqqında idi. Fiziki hazırlıq üzrə məşqçilərlə meydanda inteqrasiya olunmuş təlim sessiyaları təşkil etdik, vaxt məhdudiyyəti altında video qərar qəbul etmə, idman zalında güc məşqləri üzərində çalışdıq. Hər bir təlim sessiyası müasir futbol hakimliyinin tələblərinə cavab vermək üçün koqnitiv bacarıqlarla birləşdirildi”.

De Blekere gənc və perspektivli hakimlərin Türkiyədə 4 oyun idarə etdiklərini bildirib:

“Gənc və perspektivli hakimlərimiz 4 yoldaşlıq oyununu idarə etdilər. Bu, hakimlərin beynəlxalq təcrübə qazanması üçün böyük bir fürsət idi. Hakimlərimizin çıxışını yaxşı qiymətləndirirəm. Bakıya müsbət hisslərlə qayıtdım. Fiziki və texniki cəhətdən yüksək səviyyəli toplanış idi, hakimlər də işlərinə peşəkar yanaşdılar. Hakimlər çempionatın ikinci hissəsinə hazırdırlar. AFFA Hakimlər Komitəsinin rəhbəri kimi bu toplanışı təşkil edənlərə təşəkkürümü çatdırmaq istəyirəm”.

Qeyd edək ki, Azərbaycan hakimlərinin Türkiyə toplanışı yanvarın 6-dan 12-nə qədər təşkil olunub.

Seçilən
1
2
report.az

3Mənbələr