AZ

İranda hakimiyyətdaxili qarşıdurma dərinləşir: Qərblə danışıqlara meyil edən Pezeşkian hədəfdə

İran Prezidenti Məsud Pezeşkian hökumətinin Qərblə danışıqları barədə məlumatların yayılması ilə eyni vaxtda mühafizəkar siyasi qanadın təmsilçilərinin hakim komandaya qarşı hücumları artıb.

Bu, İran parlamentinin son açıq iclasında yeni ilin büdcə layihəsinin müzakirəsi zamanı baş verənlərdən də məlum olur.

Tehran şəhərinin parlamentdəki nümayəndəsi, mühafizəkar qanadın təmsilçisi Mehdi Kuçekzadə Qərblə danışıqları ölkəyə, inqilaba və islami dəyərlərə xəyantət adlandırıb.

Şərqi Azərbaycanın keçmiş valisi, Məsud Pezeşkianın seçki qərargahının başçısı, miliyyətcə azərbaycanlı Möhsün Əbdüləlizadəni də hədəf alan millət vəkili onun barəsində kobud ifadələr işlədib.

“Əgər Möhsün Əbdüləlizadə danışıqlar barədə Təbrizdə çıxış etsəydi, təbrizlilər onun ağzından vurardılar”,- Kuçekzadə iddia edib.

Parlament sədri Məhəmməd Bagir Qalibafın Qasım Süleymani ilə yaxın dost olduğunu xatırladan millət vəkili ondan məsələ ilə bağlı qəti mövqe nümayiş etdirməsini istəyib.

“Məhəmməd Cavad Zərif, Möhsün Əbdüləlizadə və başqaları ölkəni Amerikaya satmaq istəyirlər”, - Mehdi Kuçekzadə Pezeşkianın adını çəkmədən onun komandasına hücum edib.

O, vergi ödəyicisi kimi verdiyi verginin Qəzza zolağına yardım üçün göndərilməsini tələb edib, ABŞ-da baş verən yanğınlara görə təəssüflənənləri təhqir edib, onları axmaq adlandırıb.

“Cənab Qalibaf, sən bizim öncülümüz, rəhbərimizsən, bunların qarşısında dayanmalısan”, - Kuçekzadə parlament sədrinə müraciət edib.

parlament sədri isə millət vəkilinin bu müraciətinə cavab olaraq davamlı şəkildə “Amerikaya ölüm” şüarı səsləndirib, bununla da Kuçekzadənin çıxışına dəstək ifadə edib.

Bu və xüsusən Məsud Pezeşkianın Prezidentliyindən üzü bəri baş verən oxşar hadisələr Əli Xaməneinin bütün səylərinə baxmayaraq, hakimiyyət daxilində qarşıdurmanın daha şiddətləndiyini göstərir.

Bununla yanaşı Pezeşkian komandasının Qərblə danışıqlar barədə mesajlar verməsi ilə eyni vaxtda, SEPAH komandirlərinin ًQərb əleyhinə radikal çıxışları da problemlərin dərinləşdiyinə dəlalət edir.

Qeyd edək ki, Məhəmməd Baqir Qalibaf Prezident seçkilərində Məsud Pezşkianın rəqibi olub və təxminən hazırkı Prezidentin topladığı səslərdən 6 dəfə az səs yığaraq məğlub olub.

Onun SEPAH-da kifayət qədər nüfuzu var və təmsil etdiyi komandanın Məsud Pezeşkiandan fərqli olaraq ölkənin iqtisadi resurslarına əzarət imkanlarına malikdirlər.

visiontv.az



Seçilən
7
visiontv.az

1Mənbələr